Qaz satışından daha çox qazanacağıq

12:52 19.08.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Avropada təbii qazın orta qiyməti üzrə proqnozunu açıqlayıb. Beləliklə, qurum 2024-2025-ci illər üçün TTF indeksi (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın qiyməti ilə bağlı proqnozunu 29 avrodan (elektrik enerjisi ekvivalentində - MVt-saat üçün) 31 avroyadək artırıb. Bundan başqa "ING Group" Avropada qazın qiymətinin 2025-ci ildə 29 avro (proqnoz dəyişməyib), 2026-cı ildə isə 28 avro (proqnoz dəyişməyib) səviyyəsində olacağının proqnozlaşdırır.

Yeri gəlmişkən, Ukrayna ordusunun Rusiya ərazisinin Kursk bölgəsində başlatdığı hücumların da qazın qiymətinə təsir etdiyi bildirilir. İki ordu arasında baş verən qarşıdurma çərçivəsində Ukraynanın Suca təbii qaz paylama məntəqəsinə də hücum etdiyi iddia edilib.

Qeyd edək ki, Suca Rusiya qazının Ukraynaya yeganə giriş nöqtəsidir və Ukrayna sisteminə daxil olan təbii qaz da Avropa İttifaqına (Aİ) göndərilir. ING Think-in araşdırmasına görə, Suca giriş nöqtəsindən gündəlik təxminən 42 milyon kubmetr təbii qaz axır. Sözügedən qaz tranziti ilə bağlı müqavilənin bu ilin sonunda başa çatması planlaşdırılır, lakin münaqişələr səbəbindən bu regiondan qaz tranzitinin pozulması riski qiymət artımında özünü göstərir.

Hollandiyada təbii qaz ticarət məntəqəsi olan TTF-də sentyabr ayı fyuçers müqavilələrində 1 meqavat-saat qazın (EUR/MWh) qiyməti ötən həftə 40,4 avroda bağlanıb. Belə ki, qiymət  əvvəlki həftə ilə müqayisədə 10 faiz artaraq son 8 ayın ən yüksək səviyyəsinə çatıb.

Digər tərəfdən, bağlanış qiyməti oktyabr fyuçers müqavilələrində 40,9 avroya, noyabr fyuçers müqavilələrində isə 42,8 avroya yüksəlib.

Qazın qiyməti sonuncu dəfə 2023-cü il dekabrın 4-də meqavat/saat üçün 40,2 avro olub. Bu tarixdən sonra qiymətlər bir qədər dəyişkən qalmaqda davam edib və fevralın 23-də 24 avroya düşmüşdü.

Qaz təchizatının vaxtından əvvəl itirilməsi sistem üçün şok ola bilər. Analitiklərin fikrincə, bazar bu ilin sonunda Ukrayna ərazisindən qaz tranziti sazişinin başa çatmasına hazırlaşsa da, münaqişələr səbəbindən orada qaz təchizatının daha tez itirilməsi sistem üçün şok ola bilər.

Rusiyanın “Qazprom” enerji şirkətinin nümayəndəsi Sergey Kupriyanov cümə günü verdiyi açıqlamada, Rusiyanın Suca bölgəsində Ukrayna ordusu ilə münaqişələrin təbii qaz və mayeləşdirilmiş təbii qazın (LNG) qiymətlərinin artmasına səbəb olduğunu bildirib və əlavə edib: “Qaz qiymətlərindəki yüksəliş tendensiyası davam edəcək".

Ukrayna 2022-ci ilin may ayında Avropaya gedən Rusiya təbii qazının üçdə birinin keçdiyi Sohranivka paylama məntəqəsində nəqli dayandırdıqdan sonra qaz axını yalnız Suca məntəqəsindən davam edir.

Məsələni qəzetimizə şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, bu ilin avqust ayından qazın qiymətində artım tendensiyası müşahidə edilir: “Əgər ilin birinci yarısında Avropa bazarında qazın 1000 kubmetrinin orta qiyməti 362 dollar olmuşdusa, iyul ayında bu rəqəm 390 dollara qədər yüksəldi. Artıq avqust ayından qiymətlər 400 dollar həddini keçib. Hazırda qaz 460-470 dollar civarında ticarət edilir. Qiymət artımını şərtləndirən amillər mövcuddur. Belə ki, Rusiya-Ukrayna müharibəsində yeni bir mərhələnin başlaması, hərbi əməliyyatların coğrafiyasının genişlənməsi, Suca qaz paylama məntəqəsinin ələ keçirilməsi kimi məlumatlar bazar iştirakçıları arasında təşviş yaradıb. Digər tərəfdən, nəinki Avropada Şərq və Uzaq Şərq bazarında qazın qiyməti daha yüksəkdir. Tankerlərin bir çoxu həmin bazara yönəlir. Eyni zamanda, ilin sonuna kimi Rusiya qazının Ukrayna üzərindən nəqlinin tam dayandırılması nəzərdə tutulub. Bu nə az, nə çox gündəlik təxminən 40 milyon kubmetrdən artıq bir həcm deməkdir. Yəni, istənilən halda Avropa bazarında Rusiya qazının azalması həcmləri gedir. Başqa bir tərəfdən də Avropada pandemiyadan sonrakı dövrdə sənayenin enerji istehlakının azalmasını müşahidə edirdiksə, indi Avropa daha çox hərbi sənaye yönümlü zavod və fabriklərin işə düşməsi nəzərə çarpır. Avropanın bu istiqamətdə potensialını artırması yönündə enerjiyə tələbat da artır. Başqa sözlə, hazırda obyektiv və subyektiv amillər var ki, qaz qiymətlərinin artımını şərtləndirir”.

Onun sözlərinə görə, avqustun sonuna qazın qiymətinin 500 dolları keçəcəyi istisna olunmur: “Ancaq mən o fikirdəyəm ki, 2022-ci ildə müşahidə olunan ajiotajlı qiymət artımı bir daha çətin müşahidə edilsin”.

Mövcud vəziyyətin Azərbaycan üçün nə vəd etdiyinə gəlincə, İ.Şaban bildirib ki, ölkəmiz 2022-ci ildə Avropa bazarına 8,1 milyard kubmetr qaz satıb: ”2023-ci ildə bu həcm 10,2 milyard kubmetr təşkil edib. Cari il üçün artıq dövlət başçısı səviyyəsində anons edilib ki, bu göstərici 13 milyard kubmetrə çatacaq. 2026-cı ilin sonuna bu rəqəm 16 milyard kubmetr həddində olacaq. Burada iki faktor Azərbaycanın xeyrinə işləyir. Birincisi, Avropa bazarında satdığımız və satacağımız qazın həcmləri artacaq. Və ikincisi, bunun fonunda da qiymətlərin müəyyən qədər yüksək olması ölkəmiz üçün əlavə qazanc deməkdir. Bütün bunlar “Şahdəniz” və Cənub Qaz Dəhlizi layihələrinə çəkilən xərclərin zamanında və yaxun da zamanından tez geri qaytarılmasına şərait yarada bilər”.