“Qazprom”da hasilat son 34 ilin ən aşağı səviyyəsinə düşüb

09:25 12.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Qazprom”un açıqladığı illik fəaliyyət hesabatına əsasən, şirkətin qaz hasilatı ötən il 359 milyard kubmetrə çatıb ki, bu da SSRİ Qaz Sənayesi Nazirliyindən ayrılaraq şirkətə çevrildiyi 34 ilin ən aşağı səviyyəsidir.

Hafta.az-ın yazdığına görə, 2022-ci illə müqayisədə “Qazprom” hasilatın 13 faizini itirib. 2021-ci ildə “Qazprom”un hasilatı ildə 515 milyard kubmetr idi.

Fevralın əvvəlində baş nazirin müavini Aleksandr Novak bildirib ki, Rusiyada təbii qaz hasilatı 2023-cü ildə 5,5 faiz azalaraq 636,7 milyard kubmetrə düşüb. “Qazprom”un rəsmi fəaliyyət hesabatı göstərir ki, azalma daha böyükdür.

“Qazprom” Ukraynaya qarşı hərbi əməliyyatdan sonra avropalı müştərilərinin əksəriyyətini itirib. Ötən il MDB-dən kənar ölkələrə 69 milyard kubmetr qaz satıla bilərdi. Bu, 1985-ci ildən bəri ən aşağı məbləğ idi.

“Qazprom” ili ilk dəfə olaraq beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən rekord 629 milyard rubl itki ilə başa vurub.