Qərb Ermənistanı yeni müharibəyə sürükləyir - AKTUAL

20:36 04.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistan silahlı qüvvələrinin sərhəddə canlı qüvvə və zirehli texnika cəmləşdirməsi, yenidən atəşkəsin pozulması hallarının yaşanması regiona yaxşı heç nə vəd etimir. Ekspertlər baş verənləri Ermənistanda revanşist qüvvələrin aktivləşməsi ilə əlaqələndirir. Regionda işğalçı dövlətlə Qərbin, Avropanın üçlü hərbi alyans yaratması birmənalı qarşılanmır. Bu proses Avropa İttifaqı, ABŞ, Ermənistan rəsmilərinin aprelin 5-də nəzərdə tutulan Brüssel görüşü ərəfəsində yaşanır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəd bölgədə hərəkətlənməsi sabitliyə hər hansı təhdidi yaradırmı?

Siyasi şərhçi Əli Mustafa hafta.az-a bildirib ki, ABŞ və Avropa İttifaqının Ermənistanla planlaşdırdığı 5 aprel görüşü regionda erməni revanşizmini yenidən alovlandırır.

Onun sözlərinə görə, geosiyası maraqların çarpazlaşdığı bölgədə yerləşdiyimiz üçün gərginlik davam edəcək:

“Azərbaycan haqqını öz gücü ilə bərpa etdi. Qərb, Avropa Azərbaycanı regionun güclü mərkəzi olaraq həzm edə bilmir. Azərbaycan ərazilərini öz xoşuna tərk edən ermənilərin “etnik təmizləmə” iddiası ilə geri gətirilməsi tələbi ilə çıxış edərək, bu bəhanələrlə Azərbaycana qarşı təsirlər etməyə cəhdlər edilir”.

Ekspert qeyd edir ki, Avropanın, Qərbin “demokratiya”, insan haqları” pərdəsinə bürünərək başqa xalqları, dövlətləri özünün təsiri altına salmaq üçün istifadə etdiyi “silahların” yeni reallıqda təsirsiz oluğunu görən güclər, bu gün görünməyən müharibəni Cənubi Qafqazda erməni alətindən istifadə edərək davam etdirir.

“Maraqlı güclər öz hədəflərinə çatmaq üçün regionun əsas körpü, mərkəz rolunda çıxış edən Azərbaycanı zəiflətmək cəhdi ilə çabalayır. Ona görə də istənilən vasitələrlə üzərimizə gəlirlər. Eləcə də bu gün Ermənistanın sərhəddə hərbi texnika cəmləməsi sadəcə görüntü xarakteri daşımaya bilər. Ermənistana hərbi dəstək verdiyini nümayiş etdirən Qərbin, Avropanın müəyyən maraqlı dairələri bununla bölgədə əzələ nümayiş etdirir”.

Ə.Mustafa qeyd edib ki, Azərbaycan 30 il müddətində Avropadan, Qərbdən gələn bu cür təzyiqləri, eləcə də laqeyd yanaşmaları görüb: 

“Bu həmin ABŞ, həmin Qərbdir ki, 30 illik işğal dövründə Azərbaycanın haqqını qoruyan addımlar atmadı. Müharibədən sonra da dağıdılmış Azərbaycan ərazilərində mina probleminin həllinə hər hansı dəstək vermədi, hər hansı kəndin bərpasına yardım etmədi. Bütün bunların əvəzinə Qərb Ermənistanı yeni müharibəyə hazırlayır, Azərbaycana qarşı silahlandırır. Bu olduqca yaramaz münasibətdir, regiona daxil olmaq üçün bir bəhanədir. Cənubi Qafqaz dünyanın tranzit mərkəzi olaraq ən ciddi bölgələrindən biridir. Hazırda Rusyanın bölgədən çıxarılması, Qərbin daxil olması prosesi gedir. Ona görə də belə təhdidlərlə üzləşəcəyik”.

Siyasi şərhçi Qulu Məhərrəmli 5 aprel görüşünü Qərbin, Avropanın uzun illər regionla bağlı qurduğu oyunların davamı kimi dəyərləndirib.

Onun fikrincə, Cənubi Qafqaza sahiblik etmək istəyən Avropa və Qərbin hərbi koalisiyada regionun ən güclü dövləti olan Azərbaycanı zəiflətmək üçün etdiyi bu çabaların Brüsseldə hansı qərarla dəyişəcəyindən asılı olmayaraq, özünü sərgilədiyi manevrlərində açığa çıxarır.

“Le-Fiqaro” qəzetində Ermənistanın səmimi olaraq yalnız Makron tərəfindən dəstəklənməsi ilə bağlı verilən mesajlarının ardınca Brüsseldə planlaşdırılan üçlü görüşün bir-biri ilə əlaqəsi var və region üçün ürəkaçan təminat vermədiyi indidən bəlli olur”.

Q.Məhərrəmli qeyd edir ki, Qarabağ münaqişəsi başlayandan bu yana “Le Fiqaro” qəzeti Azərbaycana qarşı həmişə qərəzli münasibət bəsləyib. Onun fikrincə, Qərbin, Avropanın təbliğat maşınlarının siyasəti məhz region maraqlarının təminatına yönələn qorxulu ideoloji silahdır. Ekspert burada eyni zamanda erməni diasporu, xristian amili, erməni təəsübkeşliyinin də müəyyən rol oynadığını önə çəkib:

“Fransa özünü mədəniyyətin beşiyi adlandırsa da, münaqişəli vəziyyətdə erməni diasporunun, erməni bankirlərinin təsiri, dəstəyi ilə ədalətsiz mövqe tutur. Pulla həqiqətin üstünü örtmək olmur. Avropanın regional siyasəti birmənalı qərəzlidir, demokratiya adına yaraşmır. Azərbaycan öz gücündən istifadə eiməlidir. İmkanlar bərabər olmasa da, təbliğat siyasətimizi ağılla, bacarıqla, dünya standartlarına uyğun olaraq aparmalıyıq”.

Deputat Fəzail Ağamalı Avropanın, Qərbin regionla bağlı niyyətinin Rusiyanı Cənubi Qafqazdan çıxarmaq olduğunu bildirib. Rusiyanın Cənubi Qafqazda yalnız Ermənistanda olduğunu deyən deputat Qərbin Ermənistan vasitəsi ilə regionda məskunlaşmaq, geosiyasi, iqtisadi maraqlarını təmin etmək  üçün bütün vasitələrə əl atdığını önə şəkib.

Onun fikrincə, bütün bu oyunların kökündə geosiyasi, geoiqtisadi əhəmiyət daşıyan Zəngəzur dəhlizi dayanır:

“Avropa, Qərb təsisatları Azərbaycana təsir edə bilmirlər. Azərbaycan müstəqil siyasət aparır və kifayət qədər məsuliyyətli, ləyaqətli, özünə hörmət edən lideri var. Ermənistan isə Qərbin, Avropanın əlində oyuncaqdır, başqalarına xidmət etməyə üstünlük verən etnosdur. Bu keyfiyyətləri özünün dövlətçilik ənənəsi olmayan Ermənistanın dövlət siyasətində ifadə edilir. Qərb bir tərəfdə Rusiyanın Cənubi Qafqaz  mövqeyinə zərbə vurub onu bölgədən çıxarmaq, digər tərəfdən isə Azərbaycana təsir edərək onu öz geosiyasi maraqlarına tabe etmək məqsədi güdür. Ona görə də Ermənistan vasitəsilə Azərbaycana təzyiqlər göstərir, onu gərginliyi saxlamaq üçün stimullaşdırırlar”.

F.Ağamalı bütün bunlarla yanaşı bu oyunlarla Azərbaycana təsir etməyin mümkünsüz olduğunu və nəticə etibarilə Ermənistanın uduzacağını deyib.

F.Ağamalı hesab edir ki, Avropanın Rusiyanı bölgədən çıxışdırmaq, Ermənistanı silahlandırmaqla üzərindən regionda möhkəmlənmək istəyi və nümayiş etdirdiyi qərəz, yaratdığı gərginlik  və Ermənistanla hərbi pakt imzalamaq istəyi bölgədə müharibə riskini artıra bilər.

“Bu gün 8 kəndin Azərbaycana qaytarılması ilə bağlı Ermənistanda fərqli fikirlər var. Paşinyan komandası ilkin mərhələdə 4 kəndin qaytarılmasını məqbul saysa da, hərbi rəhbərlikdə buna qarşı əks mövqelər var. Ona görə də yeni gərginliyi istisna etmirəm. Azərbaycan artıq 8 kəndin bütünlüklə azad edib həmin ərazilərdə öz bayrağını asmalıdır”.

Aprelin 5-də keçiriləcək görüşünə diqqət çəkən deputat burada  təhlükəszlik təminatı adı altında Ermənistanı silahlandırma niyyətinin olduğunu deyib.

“Fransa, Yunanıstan, İran, Hindistan və hətta  Rusiyanın özü erməni milyaderlərinin əli ilə Ermənistanı silahlandırmağa güclü meyl göstərir. Bu dəfə qarşıdurma olarsa artıq Ermənistanın dövlətçiliyi olum, ya ölüm ərəfəsində olacaq”.

Hərbi ekspert Şair Ramaldanov qoşunların ölkədaxili hər hansı bir istiqamətdə istifadə edilməsini hər bir dövlətin daxili işi hesab etsə də, diqqəti bir neçə nüansa çəkib. O, Ermənistanın tutduğu mövqe və ritorikasındakı dəyişikliyi, aprelin 5-də Brüsseldə təhlükəsmzlik məsələsi ilə bağlı nəzərdə tutulan üçlü görüşü, 4 kəndin  qaytarılması ilə bağlı məsələləri önə çəkərək sərhəddə gərginliyi alovlandıran proseslər kimi qeyd edib. Ekspert Ermənistanın sülh müqaviləsi ilə bağlı vaxtı uzatmasını Qərb, Avropa havadarlarının təsiri kontekstində qiymətləndirib.

“Regionun yeni oyunçuları olan Fransa, Amerika Ermənistanı öz maraqları müstəvisində qızışdırır. Belə bir müstəvidə ermənilərin sərhəddə hər hansı təxribat törətməsi istisna edilmir. Qərbin, Avropanın ssenarisinə əsasən Ermənistan gərginlik yaratmalıdır ki, beynəlxalq institutları işə cəlb edib, qərəzli qərarların qəbul olunmasına nail olsunlar”.

Ş.Ramaldanov Azərbaycan Ordusunun prosesi nəzarətdə saxladığını, ciddi ehtiyat tədbirləri gördüyünü qeyd edib. Onun sözlərinə görə, Azərbaycan bundan sonra da üzərinə düşən vəzifələri qətiyyətlə icra edəcək. Əgər təxribatlar olarsa, Azərbaycan düşmənə daha tutarlı cavab verəcək:

“Azərbaycan Ermənistan bölmələrinin, texnikalarının sərhəddə toplanması ilə bağlı öz tədbirlərini görəcək. Ermənistanın Azərbaycana qarşı hər hansı bir formada güc göstərməyə, iri miqyaslı hərbi əməliyyatlar aparmağa hərbi gücü, imkanı yoxdur. Ermənistan təxribatlara əl atarsa uduzan tərəf özü olacaq”.

Ş.Ramaldanov hesab edir ki, aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan üçlü görüşdə Ermənistan üçün silah alınması ilə bağlı qərarlar alına bilər:

“Brüsseldə qəbul olunan qərarlar Rusiyanın regiondakı maraqlarını, mövqeyini məhdudlaşdıracaqsa, bu, Rusiyanın Ermənistana qarşı təsirini artıra bilər. Ermənistan Rusiya üçün rəqib olmasa da, bir neçə ssenari işləyə bilər. Bu, terror, çevrilişlə bağlıdır. Digər tərəfdən, Rusiya  Ermənistanı Krım, Osetiya kimi öz vilayətinə çevirə bilər. Belə bir şəraitdə ABŞ, Qərbin Ermənistana kömək edə biləcəyini düşünmürəm. Ukrayna-Rusiya müharibəsi fonunda Qərbin, Avropanın sərgiləyə bildiyi dəstək bütün dünyaya, xüsusən də Ermənistana dərs olmalıdır”.

 

Siyasət rubrikasından digər xəbərlər