“Hesab edirəm ki, artıq faktiki olaraq Rusiya və ABŞ arasında hansısa konktaktların mövcud olması üzə çıxır. Və danışıqlara bənzər bu kontaktların əsas mövzusu Ukraynanın gələcək modelinin müzakirəsidir. Bunu təsdiq edən eyni zamanda Türkiyənin də Ukraynaya aid bəzi məsələlərdə göstərdiyi təşəbbüslərdir. Bilirsiz ki, prezident Ərdoğanın da bu mövzuda təşəbbüsləri var. Və əminəm ki, bu da Rusiya ilə ABŞ arasında gedən müzakirələrin bir növ ortaq bir məzərəsidir”.
Bu fikirləri hafta.az-a açıqlamasında Ukrayna cəbhəsindəki son vəziyyətdən danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ifadə edib.
“Yəni müərəkkəb və ziddiyyətli proseslər gedir. Və mən çoxdan əminəm ki, indiki mərhələdə hərbi əməliyyatlar əsas məsələni həll etmək iqtidarında deyil. Çünki son 2 ildən çox müddətdə nə Rusiya öz qarşısına qoyduğu məqsədlərə nail ola bilib, nə də Ukrayna Rusiya ordusunu məğlub edərək ərazi bütövlüyünü bərpa edə və güc vasitəsilə öz gələcək modelini təsbit edə bilib. Yəni hərbi əməliyyatlar bir siyasi faktor kimi indi nəticə vermir. Hazırkı mərhələdə həm hərbi kömək, həm də hərbi əməliyyatların gedişi sadəcə olaraq gələcək danışıqların və modellərin bəlkə də elementləri ola bilər. Yəni ABŞ və Rusiya razılaşır ki, bu hissə mənim nəzarətimdə qalır, digər hissə sənin... Ukrayna hərbi-siyasi cəhbəsindəki vəziyyəti təxminən belə xarakterizə etmək olar. Və açıq demək olar ki, öz içərisində müxtəlif fərqli maraqları (ABŞ-nin, Britaniyanın, Avropanın, ayrıca Fransanın, Almaniyanın və s.) ehtiva edən Qərbin əsas hədəfi Ukraynanın ərazi bütövlüyü yox, Rusiyanın gələcək modelidir. Yəni söhbət Putindən sonra bir nüvə dövləti olan Rusiyanın gələcəkdə dünyadakı proseslərdə hansı rol oynayacağından gedir. Əslində Qərbi maraqlandıran əsas məsələlər bunlardır”,- deyə davamında sabiq baş diplomat vurğulayıb.