Qətl törədərkən yanlışlıqla öz səsini yazan qatil tutuldu

10:50 13.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın İndiana ştatında anasının sevgilisini öldürərkən yanlışlıqla öz səsini qeyd edən şəxs 85 il müddətinə azadlıqdan məhrum edilib.

Hafta.az-ın People-yə istinadən yazdığına görə, 2020-ci ildə Karl Havilandın qətlində təqsirli bilinən 33 yaşlı Codi Allen Ueyd haqqında hökm dünən elan edilib. 

Ueydin qətli törətməzdən bir qədər əvvəl telefonda anasına səsli mesaj buraxdığı, ancaq telefonu söndürməyi unutduğu üçün qətl zamanı səs yazısının davam etdiyi anlaşılıb.

33 yaşlı müttəhimin Havilandı 4 bıçaq zərbəsi vuraraq öldürdüyü, anasının da hadisə yerində olduğu bildirilib.

Qərara gəlincə, işə sədrlik edən hakim “Anası onu fiziki cəhətdən saxlamağa çalışsa da, müttəhim Karl Havilandı dəfələrlə bıçaqlayıb” deyib.

Qətldən sonra Ueydin Havilandın cəsədini təpiklədiyi də bildirilir.

İttiham tərəfi 33 yaşlı müttəhimin qətli əvvəlcədən planlaşdırdığını iddia edib.

İş materiallarına daxil olan təfərrüatlar ondan ibarət idi ki, Ueyd hadisə baş verən gün piknikdən çıxaraq anasının evinə tərəf getmiş, yolda isə başqasının evinin yanında dayanaraq kimisə öldürəcəyini söyləmişdi. Bildirilib ki, Ueyd qətldən cəmi iki ay əvvəl yanğın törətdiyi üçün saxlandığı həbsxanadan şərti olaraq azad edilib.