“Qəzza zolağında uşaq, qadın və qocalar geniş miqyasda və sistematik şəkildə qətlə yetirilir. Qəzzanın hər tərəfini hədəf alan böyük dağıntı ilə yanaşı, Fələstin xalqı aclığa, məcburi köçə və soyqırıma məruz qalır”.
Hafta.az-ın yazdığına görə, bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Ramallahda Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritislə görüşü zamanı deyib. Nazir əlavə edib ki, hazırda Qəzza zolağı dünyanın ən böyük açıq həbsxanasından ən böyük açıq qəbiristanlığına çevrilib.
Qəzzada insan həyatının və beynəlxalq hüququn pozulduğunu vurğulayan Maliki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələrinin və yeni məskunlaşan yəhudilərin artan hüquq pozuntuları səbəbilə şərtlərin ifrat dərəcədə çətinləşdiyini bildirib.
Qəzza zolağında qarşıdurmaların dayandırılması üçün təcili və təsirli müdaxilənin zəruriliyini vurğulayan Maliki, Qəzzaya qida, su və yanacaq kimi humanitar və əsas yardımların çatdırılmasının vacibliyinə diqqət çəkib.
Maliki Qəzza zolağında xəstəxanaların qeyri-kafi olduğuna işarə edərək, yaralıların bölgədənkənar xəstəxanalara köçürülməsinin həyati əhəmiyyət daşıdığını vurğulayıb.