“Qəzzada vəziyyət bütün bəşəri standartlara görə fəlakətdir” – Feysəl bin Fərhan

09:05 29.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan paytaxt Ər-Riyadda keçirilən İqtisadi Forumun sessiyasında İsrailin oktyabr ayından bu yana hücumlarını davam etdirdiyi Qəzza zolağında yaranan faciəli vəziyyətdən danışıb.

Hafta.az-ın yazdığına görə, bin Fərhan deyib ki, Qəzzada vəziyyət bütün bəşəri standartlara görə fəlakətlidir və orada baş verənlər indiki beynəlxalq siyasi sistemin bu böhranın öhdəsindən gələ bilmədiyini göstərdi.

"Bu gün böhran yeddinci ayına qədəm qoyub. Amma biz hələ də kifayət qədər yük maşınının Qəzzaya daxil olub-olmaması ilə bağlı sonsuz müzakirələrlə məşğuluq. Bu ağlabatan deyil və tamamilə qəbuledilməzdir" deyən bin Ferhan bildirib ki, beynəlxalq ictimaiyyətin əksəriyyəti iki dövlətli həll variantını dəstəkləyir.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına etdiyi hücumlarda ən az 14685-i uşaq, 9670-i qadın olmaqla ümumilikdə 34454 fələstinli yaşamını itirib, 77575 nəfər isə yaralanıb.

Dağıntılar altında minlərlə ölü olduğu bildirilərkən, İsrail qüvvələri hələ də insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alaraq mülki infrastrukturu məhv etməkdədir.

Siyasət rubrikasından digər xəbərlər