Qingming bayramında 119 milyon daxili səyahət qeydə alınıb

09:25 08.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bildiyimiz kimi, 4-6 aprel tarixlərində Çində ənənəvi Qingming Festivalı qeyd olunub.

Hafta.az-ın yazdığına görə, ölkədaxili səfərlərin sayı Covid-19 epidemiyasından əvvəlki saydan çox olub. Çin Mədəniyyət və Turizm Nazirliyinin verdiyi açıqlamaya görə, 3 günlük tətildə ölkə daxilində 119 milyon səyahət edilib.

Covid-19 epidemiyasından əvvəl səyahətlərin sayı 2019-cu illə müqayisədə 11,5 faiz artıb.

Tətil dövründə 53,95 milyard yuana (7,6 milyard dollar) çatan daxili turizm gəlirləri də 2019-cu ilə nisbətən 12,7 faiz yüksəlib.

Qingming Festivalı nədir?

2008-ci ildən başlayaraq qeyri-iş günü elan edilmiş Saf Parlaqlıq bayramı hər il aprelin 4-dən 6-a qədər qeyd olunur.

Bu tarixlərdən sonra havanın temperaturu yüksəlir, yaz yağışları artır, kəndlilər və fermerlər üçün məhsul vaxtı başlayır. Qingming Festivalı, çinlilər üçün kənd təsərrüfatı üçün münasib vaxt olmaqla yanaşı, həm də xatırlama günüdür. Qingming sevinc və kədərin qarışdığı vaxtdır.

Çinlilər ilin bu vaxtında ölülərini yad edir və onlar üçün qurbanlar verirlər. Qəbiristanlıqlar ziyarət edilir, qəbirlər təmizlənir. Həm də həmin gün evdə yemək bişirilmir, insanlar adətən soyuq yemək yeyirlər.

Qingmingdə fəsil dəyişməsinin sevinci də var, matəm də. Qəbiristanlığı ziyarət etdikdən sonra insanlar birlik və baharı qarşılamaq rəmzi olaraq piknik yerlərində toplaşaraq birlikdə yemək yeyirlər.