“Qırğından xilas olmaq üçün qaçanlar belə qətlə yetirilir” – Fələstin səfiri

12:10 16.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Bizim təcrid olunmuş və tək qaldığımız bir zamanda bir çoxunuz Fələstinə dəstək, ədaləti, qanunu, sülhü və doğru olanı dəstəkləmək üçün küçələrə çıxdınız. İndi etdiyiniz kimi, şərəf və ləyaqətlə, hörmətlə, səsinizi eşitdirin”.

Hafta.az-ın yazdığına görə, bunu Fələstinin Böyük britaniyadakı səfiri Husam Zomlot Fələstinə dəstək məqsədilə təşkil olunmuş nümayişin iştirakçılarına müraciət edərkən deyib. Fələstinə dəstək verənləri susdurmaq istəyənlərə fürsət verilməməsi lazım olduğunu vurğulayan Zomlot, "Aramızda sizi susdurmaq istəyən, Fələstin bayrağını daşımanızı istəməyən çox sayda siyasətçi var" deyə xəbərdarlıq edib.

Fələstin bayrağının azadlıq və bərabərlik mübarizəsinin “qlobal simvolu” olduğunu bildirən Zomlot, İsrailin hücumlarında həyatını itirənlərin sayının minlərlə, hətta real sayının daha çox olduğunu bildirib.

İsrailin mülki infrastruktur, ev, xəstəxana və məktəb ayırd etmədən zərbələr endirdiyinə diqqət çəkən Zomlot, "Hətta yaşadıqları yerlərdən qaçanlar belə məhv edilir. Elə dünən canlı yayımda 70 adam qətlə yetirildi, bu qırğın müharibə cinayətidir” deyib.

Qəzzada enerji, su və qida blokadası olduğunu vurğulayan Zomlot deyib ki, bu, İsrailin 2,3 milyon qəzzalıya qarşı törətdiyi müharibə cinayətidir. 1,1 milyon fələstinli uşağı enerjisiz, qidasız, susuz, dərmansız və gedəcək yersiz buraxmaqdır. insanlığa qarşı cinayətdir.

Zomlot bildirib ki, valideynlər övladlarına vida məktubları yazıblar: "İnsanlar hər gecə uşaqları ilə vida məktubu yazır və onları bir daha görüb-görməyəcəyini bilmədən "gecəniz xeyrə qalsın" deyirlər. Ailələrin etməli olduğu seçimi təsəvvür edin. Evlərində öldürüləcəklər, yoxsa uşaqları və ailələrini aparıb harasa sığınacağa yerləşdirəcəklər, amma sığınacaq da tapa bilmirlər. Çünki tapdıqlarında da yer yoxdur. Fikirləşin ki, uşaqlarınız üçün hansı seçim edərdiniz".

Zomlot bildirib ki, siyasətçilər bu qaranlıq zamanda doğru yolu deyil, asan, həm də qaranlıq yolu seçiblər.

Səfir Fələstin xalqının mübarizəsinin başa düşülməsi lazım olduğunu ifadə edərək, "Bu, təkcə Fələstin xalqının hüquqlarını müdafiə etmək, beynəlxalq hüquq və ya dəyərləri dəstəkləmək deyil, eyni zamanda ortaq insani dəyərlərimizi qorumaqdır. Bu yoldan geri dönüş yoxdur" deyib.

Bu arada, səfirlə həmrəylik nümayiş etdirən Leyboristlər Partiyasının keçmiş sədri Ceremi Korbin də bildirib ki, İsrailin Fələstini işğalı mülki ölümlər qədər pislənməlidir. "İordan çayının qərb sahilindəki işğal, 150 min insana çatan qeyri-qanuni məskunlaşmalar və ayrı-seçkilik edən aparteid sistemi eyni dərəcədə pislənilməlidir", - o deyib.

Dünyanın Qəzzadakı ölümlərə qarşı çıxması lazım olduğunu vurğulayan Korbin bildirib ki, onun tələbi işğalın sona çatması, Qəzzada bombardmanların dayandırılması, günahsız vətəndaşların su, elektrik və əsas ehtiyaclarının verilməməsinin beynəlxalq təşkilatlara görə müharibə cinayəti sayılmasıdır.

Fələstinlilər öz haqlarını qazanana və sülh əldə olunana qədər etirazların davam edəcəyini bildirən Korbin, "Bu gün heç kimin burada olmamasını istəyənlər var idi, çünki onlar dəhşətli şeylərə göz yumurlar. Burada həmrəylik aksiyasına qoşulanlar isə Qəzza və İordan çayının qərb sahilindəki ölümlərə, işğallara, hücumlara qarşıdır” deyib.