Qırğızıstan Milli Bankı yerli banklardan tələb etdi

10:15 21.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstan Milli Bankı banklardan OFAC, Avropa İttifaqı və Böyük Britaniyanın sanksiya siyahısına daxil edilmiş şəxslərlə iş aparmağı dayandırmağı tələb edir.

Hafta.az-ın Tazabek.kg-a istinadən yazdığına görə, söhbət Rusiyanın Sberbank-ı, MTS Bank ASC, Tbank ASC (Tinkoff) və NSPK milli ödəniş sisteminin operatoru ilə münasibətlərə aiddir. Yəni nəzarət orqanı beynəlxalq sanksiyalar altında bu bank və təşkilatlarla bağlı istənilən əməliyyatın dayandırılmasını istəyib.

Tənzimləyici orqan ikinci dərəcəli sanksiyalar riskini azaltmaq üçün təcili tədbirlər tələb edir. Qırğızıstan Milli Bankı banklardan müştərilər və kontragentlər üzərində nəzarəti gücləndirməyi, onların ABŞ (OFAC), Avropa İttifaqı və Böyük Britaniyanın sanksiya siyahılarında olmamasını diqqətlə yoxlamağı, təsirə məruz qala biləcək müştərilərin əməliyyatlarına xüsusi diqqət yetirməyi xahiş edib.

Həmçinin, banklar çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə üzrə qanuni tələblərə və beynəlxalq sanksiyalara uyğun olaraq müştərilərin bütün transsərhəd əməliyyatlarına nəzarət etməli olacaqlar.