Qırğızıstanın yerli ödəniş sistemi operatoru “Elkart” aprelin 5-dən etibarən “Mir” kartlarına xidmət göstərməyi dayandıracağını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, bu qərara səbəb ABŞ-ın “Mir” ödəniş sisteminin operatoru Milli Ödəniş Kartı Sisteminə (NSPK) qarşı tətbiq etdiyi sanksiyalardır.
“Elkart”ın bəyanatına görə, “Mir” kartlarına xidmətin dayandırılmasında məqsəd Qırğızıstanın ödəniş sisteminə qarşı “ikinci dərəcəli sanksiyalar riskini minimuma endirməkdir”. Bu halda Qırğızıstanda bankomatlardan nağd pul çıxarmaq və ya “Mir” kartları ilə pul köçürmək mümkün olmayacaq. Bundan əlavə, POS-terminallarda internet ödənişləri və kart alışları “Mir” kartları ilə ödənilə bilməyəcək.
Rusiyanın “Mir” ödəniş sisteminin sahibi NSPK fevralın 23-də ABŞ-ın sanksiyalarına məruz qalıb. NSPK bəyan edib ki, xarici banklar “Mir” kartlarını qəbul etməyə davam edəcək, ödəniş sistemində xarici tərəfdaşlarla işləmək üçün heç bir məhdudiyyət yoxdur.
“Frank Media” bildirir ki, “Mir” kartları “Elkart”la inteqrasiya çərçivəsində Qırğızıstanda 2019-cu ildən fəaliyyət göstərir. 21 bank “Elkart”a bağlıdır. Bununla belə, 2022-ci ilin sentyabrında ABŞ Xəzinədarlığının Rusiyanın ödəniş sistemlərini dəstəklədiyinə görə sanksiyalarla hədələməsindən sonra Qırğızıstanın ən az 13 bankı “Mir”lə işləməkdən imtina edib.
Eyni şəkildə, martın 30-dan etibarən Ermənistanda ArCa-nın vahid ödəniş sistemində iştirak edən banklar da “Mir” kartlarına xidməti dayandırıblar. Bununla belə, öz infrastrukturunda “Mir”ə xidmət göstərən VTB Ermənistan bankı respublikada Rusiya kartları ilə fəaliyyətini davam etdirəcək.