Qiymətlər ucuzlaşacaq? - İstehlak

14:12 18.04.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını yeniləyib. Bank ekspertlərinin proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,5 faiz təşkil edəcək, 2025-ci ildə isə daha sürətli iqtisadi artımla 6,5 faizədək yüksələcək. Bu barədə bankın “Asiyanın inkişaf perspektivləri”nin aprel hesabatında deyilir.

Xatırladaq ki, ADB-nin əvvəlki (sentyabr 2023) qiymətləndirməsinə əsasən, 2024-cü il üçün inflyasiya 8,5 faiz səviyyəsində proqnozlaşdırılmışdı.

Hesabatda tövsiyə edilir ki, inflyasiya nəzarətdə saxlanılmalı və hökumət proqnozlaşdırılan dövr ərzində qiymətlərə nəzarət etməlidir: “Məzənnənin sabitliyinin qorunması idxal inflyasiyasının təsirini yumşaldacaq. Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini ən azı 2024-cü ilin ortalarına qədər eyni səviyyədə saxlayacağı gözlənilir, dəyişikliklər etməzdən əvvəl isə qiymət dinamikasını və istehlakçı əhval-ruhiyyəsini izlənəcək”.

AİB-nın analitikləri hesab edirlər ki, Azərbaycan manatının ABŞ dollarına nisbətdə sabit qalması ötən il idxal olunan inflyasiya təzyiqinin qarşısını almağa kömək edib. 2023-cü ilin may ayına qədər AMB uçot dərəcəsini üç mərhələdə 8,25 faizdən 9 faizə qaldırıb, sonra isə inflyasiyanın azalması ilə oktyabr-dekabr aylarında iki mərhələdə onu 8 faizə, 2024-cü ildə isə fevralda 7,75 faizə, martda 7,5 faizə endirib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 101 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 faiz, qeyri-ərzaq malları üzrə 101,4 faiz, əhaliyə göstərilən pullu xidmətlərə görə isə 102,5 faiz təşkil edib.

Ötən ay isə Azərbaycanda inflyasiya 2023-cü ilin mart ayına nisbətən 0,4 faiz təşkil edib. Bu zaman qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,2 faiz azalıb, qeyri-qida məhsullarının qiyməti 1,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri isə 2,2 faiz artıb. 2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 faiz yüksəlib. Mart ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz artıb, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,3 faiz azalıb. Qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən dəyişməyib, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri əvvəlki aya nisbətən 0,1 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,5 faiz artıb. Başqa sözlə, Azərbaycanda 2024-cü ilin mart ayında inflyasiya fevraldakı 0,6 faiz qarşılığında 0,2 faiz olub, il ərzində isə 0,4 faiz təşkil edib.

Xatırladaq ki, Azərbaycan hökuməti 2024-cü il üçün orta illik inflyasiyanı 5,3 faiz səviyyəsində proqnozlaşdırır. 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 8,8 faiz təşkil edib.

Məsələni qəzetimizə şərh edən iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, beynəlxalq maliyyə qurumlarının verdiyi proqnoz nisbi xarakter daşıyır: “Ümumiyyətlə, inflyasiya və digər iqtisadi göstəricilərlə bağlı uzunmüddətli proqnoz vermək qeyri-mümkündür. Verilən proqnozların özünü nə dərəcədə doğruldub-doğrultmayacağına gəlincə, inflyasiyadan danışdıqda biz nəzərə almalıyıq ki, manatın məzənnəsi inzibati yolla tənzimlənir. Yəni ölkədə sərbəst üzən məzənnə rejimi adlı bir valyuta idarəçiliyi mexanizmi hökm sürmür. Halbuki, qonşu ölkələrdə milli pul vahidlərinin ABŞ valyutasına nəzərən dəyərdən düşməsi onların real alıcılıq qabiliyyətinə ciddi zərbə vurur. Təbii ki, inflyasiya daha çox idxaldan asılı vəziyyətdə olduğumuz, xarici təsirlər səbəbi ilə bağlıdır. 2021-2022-ci illərdəki inflyasiya, bahalaşma tendensiyası da bu səbəbdən ortaya çıxmışdı. Keçən il, sözügedən tendensiya qlobal miqyasda zəiflədiyindən may ayından bizdə də özünü göstərməyə başladı. Yəni, prosesin sürəti zəiflədi. Ancaq ötən il ərzində inflyasiya ilə bahalaşma əslində, yenə istənilən həddə enmədi. Qlobal bazarlarda ucuzlaşma yanvardan müşahidə olunmağa, yəni enerjidaşıyıcıların qiymətlərindəki eniş ərzaq məhsulları üzrə ucuzlaşmaya 2023-cü ilin başlanğıcından start verməyə başlasa da, ölkədə ümumi temp ilin sonuna 8,8 faiz təşkil etdi. Düzdür, əvvəlki illərin yekununa görə sözügedən rəqəm ikirəqəmli həddə idi. Odur ki, xarici və daxili amillərin təsirləri nəticəsində məhz keçən il illik inflyasiya səviyyəsi azaldı. Yəni, qlobal iqtisadi aktivliyin zəifləməsi, əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davamı ölkəmizə inflyasiya idxalını məhdudlaşdırdı”.

İqtisadçı qeyd edib ki, hazırda inflyasiya səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli dərəcədə zəifləyib: “Düzdür, bizdə inflyasiya enişi kəskin deyil, amma proses davam edir. Qarşıdan əkin-biçin dövrü gəlir. Bazarlarda, xüsusilə kənd təsərrüfatı məhsullarının bolluğu müşahidə ediləcək. Təxminən, qiymət enişi payıza qədər davam edəcək. Növbəti dövrdə inflyasiyanın necə inkişaf edəcəyinə gəlincə, bu qlobal bazardakı vəziyyətdən asılı olacaq. Hesab edirəm ki, ilin sonunadək ölkəmizdə inflyasiya birrəqəmli şəkildə təşkil edəcək. Çox güman ki, bu hökümətin irəli sürdüyü proqnozlardan bir qədər yüksək olacaq”.

Onun fikrincə, bu il hökümət manatın məzənnəsini də qorumağa çalışacaq: “Sözsüz ki, məzənnənin sabitliyinin qorunması idxal inflyasiyasının təsirini yumşaldacaq. Təbii ki, bizdə milli valyutanın məzənnəsi birbaşa neftin qiymətindən asılıdır. Yəni, manatın məzənnəsi inzibati yolla tənzimlənir. İlin sonuna kimi də məzənnənin sabitliyi qorunub saxlanacaq. Neftin qiyməti indiki səviyyədə rəqs etməyə davam edərsə, böyük ehtimalla, növbəti ildə də kurs dəyişməyəcək”.

Oxunma sayı 102