Ekspert: “Qızılın bir unsiyası 4750 dollara yüksələcək”

12:13 05.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qlobal bazarlarda İsveçrə bank nəhəngi UBS-in qızıl qiyməti proqnozunu aşağı istiqamətdə yenidən nəzərdən keçirməsi və qiymətin aşağı salınması ilə bağlı proqnozları investorlar arasında təşvişə səbəb olub. Bu hadisələrdən sonra qızıl və valyuta bazarları üzrə ekspert Məhmət Əli Yıldırımtürk canlı yayımda Yaxın Şərqdə artan geosiyasi böhranı şərh etdi və qızıl investorlarının gözlədiyi kritik tarixləri açıqlayıb.

Hafta.az yazır ki, Yaxın Şərqdə davam edən çıxılmaz vəziyyətin fonuna toxunan Yıldırımtürk ABŞ prezidentinin bölgədəki hadisələrə münasibətini qiymətləndirib. İzləyicilərə ABŞ-ın noyabrda ara seçkilər keçirəcəyini xatırladan Yıldırımtürk, Vaşinqtonun daxili iğtişaşlara səbəb olmamaq üçün müharibədən çəkilmək istədiyini, lakin İsrailin münaqişəni davam etdirməkdə israr etdiyini bildirib.

Ekspert bildirib ki, "Amerika bundan çəkilmək istəyir, lakin İsrail bunun davam etdirilməsində israr edir. Buna görə də, sanki İsrail bu məsələdə Amerikanı idarə edir".

Heç bir investisiya alətinin sonsuza qədər yüksəlmədiyini deyən Yıldırımtürk, ili çox sürətlə başlayan qızılın həm investorları, həm də qiymətlərini bir qədər yorduğunu qeyd edib. O, qızılın unsiya qiymətlərindəki dalğalanmaların ay sonu müqavilə əməliyyatlarında marja çağırışları ilə əlaqəli olduğunu izah edib və bu enişlərin müvəqqəti olduğunu vurğulayıb.

Yıldırımtürk qısamüddətli qiymət gözləntilərini belə izah edib: "4500 dollarlıq unsiya səviyyəsi texniki cəhətdən çox vacib bir dəstək səviyyəsidir. Müvəqqəti enişlər olsa da, qızıl bu satışlar bitdikdən sonra yenidən yuxarı qalxdı. Yay aylarında, xüsusən də iyunun sonuna doğru canlanma baş verə bilər. İnanıram ki, qısa müddətdə 4750 dollar səviyyəsini yenidən görəcəyik".

O, qızılın qlobal bazarlarda gücünü qorumasının əsas səbəbinin yüksək faiz dərəcələri və inflyasiya gözləntiləri olduğunu bildirib və yüksək neft qiymətlərinin də dünya miqyasında inflyasiya narahatlıqlarını davam etdirdiyini vurğulayıb.

Ekspert qızıl qiymətlərində əsl əsas hərəkətin başlayacağı dövrlə bağlı aşağıdakı proqnozu verib: "Düşünürəm ki, əsas artım avqustun ortalarından, sentyabr və oktyabr aylarında baş verəcək. Keçən il də oxşar bir proses haqqında eşitmişdik. O dövrdə Amerikada Senatın yekun seçkilərinin yaratdığı qeyri-müəyyənlik birbaşa qiymətlərə təsir edəcək".

Yıldırımtürk, dünyada dolları əvəz edəcək yeni valyutaların axtarışında qızılın həmişə ilk seçim olacağını bildirərək, mərkəzi bankların fərdi investorlarla yanaşı ən vacib alıcılar olduğunu xatırladıb. O əlavə edib ki, bu vəziyyət qızılın fundamental olaraq güclü görünüşünü qoruyub saxlamasını təmin edir.