Qlobal Borc 353 trilyon dolları keçdi

11:22 07.05.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Maliyyə İnstitutu (IIF) "Qlobal Borc Monitoru" hesabatını dərc edib. Hesabata görə, qlobal borc ilin birinci rübündə 4,4 trilyon dollardan çox artaraq 353 trilyon dollara çatıb.

Hafta.az yazır ki, ardıcıl beşinci rüb olan bu rekord artım, keçən ilin eyni dövründə qeydə alınan 327,6 trilyon dollardan sonra baş verib.

Bu artım əsasən Çin və ABŞ-da cəmləşib və hökumət borcları ilə bağlıdır.

2023-cü ilin əvvəlindən bəri nisbətən sabit qalan qlobal borcun Ümumi Daxili Məhsula (ÜDM) nisbəti rübdə 305 faiz olaraq hesablanıb.

İnkişaf etmiş bazarlarda borc nisbətləri azalma tendensiyasını davam etdirsə də, inkişaf etməkdə olan bazarlarda davamlı olaraq artıb. Ən əhəmiyyətli artımlar Norveç, Küveyt, Çin, Bəhreyn və Səudiyyə Ərəbistanında qeydə alınıb.

İlin birinci rübündə inkişaf etmiş iqtisadiyyatlarda ümumi borc 246 trilyon dollar, inkişaf etməkdə olan ölkələrdə isə 106,7 trilyon dollara çatıb.

Qlobal borcun bölgüsünə baxdıqda, ev təsərrüfatlarının borcu bu ilin birinci rübündə 65,1 trilyon dollara, korporativ borc 101,8 trilyon dollara, dövlət borcu 108,5 trilyon dollara, banklar kimi maliyyə şirkətlərinin borcu isə 77,3 trilyon dollara yüksəlib.

Ümumi ÜDM-ə nisbət kimi nəzərdən keçirildikdə, ev təsərrüfatlarının borcu ötən ilin eyni dövrü ilə müqayisədə birinci rübdə 56,7 faizdən 56,2 faizə, maliyyə sektorunun borcu isə 67,5 faizdən 65,9 faizə düşüb.

Eyni dövrdə korporativ borc 88,7 faizdən 88,8 faizə, dövlət borcu isə 92,1faizdən 94,8 faizə yüksəlib.

Türkiyədə borcun ÜDM-ə nisbəti nəzərə alınmaqla, ev təsərrüfatlarının borcu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz səviyyəsində sabit qalıb.

Korporativ borc 38,5 faizdən 37,7 faizə, dövlət borcu isə 27,2 faizdən 26,2 faizə düşsə də, maliyyə sektorunun borcu 17,1 faizdən 17,3 faizə yüksəlib.

Hesabatda bildirilir ki, əhalinin yaşlanması, müdafiə xərclərinin artması, enerji təhlükəsizliyi və diversifikasiya ehtiyacları, kibertəhlükəsizlik və süni intellektlə bağlı kapital xərcləri də daxil olmaqla struktur təzyiqləri orta və uzunmüddətli perspektivdə hökumət və korporativ borc səviyyələrini yuxarı qaldıracaq.

Hesabatda Yaxın Şərqdəki son münaqişənin bu təzyiqlərin bəzilərini gücləndirəcəyi ehtimalı vurğulanaraq, qısa müddətdə borc yığılmasının trayektoriyasının regiondakı inkişaflardan, maliyyə və pul orqanlarının reaksiyasından əhəmiyyətli dərəcədə asılı olacağı bildirilir.

Hesabatda qeyd olunur ki, yüksək inflyasiya müvəqqəti olaraq borc nisbətlərinin aşağı düşməsinə kömək etsə də, inflyasiya kök salsa, bu rahatlama davamlı olmayacaq.