Qlobal neft ehtiyatları 2,5 milyard barelə çatdı

10:17 21.04.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) qlobal strateji neft ehtiyatları ilə bağlı yenilənmiş məlumatları paylaşıb. Agentliyin məlumatına görə, qlobal strateji neft ehtiyatları 2025-ci ilin sonuna qədər təxminən 2,5 milyard barelə çatacaq.

Hafta.az yazır ki, bəyanata əsasən, bu məlumatlar may ayından etibarən dərc olunacaq "Qısamüddətli Enerji Perspektivi" hesabatına daxil edilməsi planlaşdırılır.

Bildirilib ki, ABŞ İrana qarşı hərəkətlərindən qaynaqlanan təchizat şoklarının neft qiymətlərinin artmasının qarşısını almaq üçün strateji ehtiyatlarından 172 milyon barel neft çıxarmağı planlaşdırır.

Bu addım Beynəlxalq Enerji Agentliyi tərəfindən mart ayında təsdiqlənmiş və bazardan ümumilikdə 400 milyon barel neftin çıxarılmasını nəzərdə tutan daha geniş planın bir hissəsidir.

Məlumatlara görə, 2025-ci ilin dekabr ayı etibarilə üç ən böyük strateji neft ehtiyatı Çində, ABŞ-da və Yaponiyada yerləşir.

Çin 2025-ci ildə ehtiyatlarına gündə 1,1 milyon barel neft ekvivalenti əlavə edərək ümumi ehtiyatlarını təxminən 1,4 milyard barelə çatdırıb. Çin hökuməti təxminən 360 milyon barel xam neftə, dövlət neft şirkətləri isə təxminən 1 milyard barelə sahibdir.

ABŞ-ın Strateji Neft Ehtiyatı 2025-ci ilin sonuna qədər 413 milyon barel, 10 aprel tarixinə isə təxminən 409 milyon barel xam neftə malikdir. Ümumi saxlama tutumunun 714 milyon barel olduğu bildirilir. ABŞ-da həmçinin 400 milyon bareldən çox kommersiya xam nefti var.

Yaponiya təxminən 263 milyon barel dövlət ehtiyatı ilə üçüncü yerdədir. Ölkənin həmçinin 70 günlük tələbatı ödəmək üçün təxminən 220 milyon barel ehtiyat saxlaması tələb olunur.

Məlumatlara görə, digər vacib strateji neft ehtiyatları aşağıdakı kimi sadalanır:

Cənubi Koreyada təxminən 79 milyon barel, OECD üzvü olan Avropa ölkələrində ortalama 179 milyon barel, Səudiyyə Ərəbistanında 82 milyon barel, İranda təxminən 71 milyon barel, Hindistanda 21,4 milyon barel ehtiyyat neft var.