QMİ sədri Qazaxıstanın səfirini qəbul edib

16:29 20.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Serjan Abdıkarimovu qəbul edib.

QMİ-nin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, QMİ sədri dost, qardaş ölkə olan Qazaxıstanla Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib.

O, Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin dəvəti əsasında Qazaxıstana oktyabrın 5-7-də baş tutmuş səfəri barədə xoş təəssüratlarını bölüşüb. Qazaxıstanın Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin təşəbbüskarı olduğu,18 illik tarixə malik Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin üzvü olduğunu xatırladan Şeyxülislam A. Paşazadə bu qlobal forumda ardıcıl iştirakını qeyd edib. Nur-Sultan şəhərində Dünya və ənənəvi din liderlərinin Qurultaylarının Katibliyinin XIX sessiyası çərçivəsində dünyanın tanınmış dini və ictimai xadimləri ilə görüşlərinin əhəmiyyətli olduğunu qeyd edən Şeyxülislam A. Paşazadə Qazaxıstan paytaxtına səfər çərçivəsində qardaş ölkənin yüksək məqam sahibləri və ölkənin dini lideri ilə görüşlərini məhsuldar və yaddaqalan kimi dəyərləndirib. QMİ sədri Qazaxıstan Senatının sədri Maulen Aşimbayev, Dövlət Katibi Krımbek Kuşerbayev, İnformasiya və ictimai inkişaf naziri Aida Balayeva, Nur-Sultan şəhərinin hakimi Altay Kulqinov və digər dövlət rəsmiləri ilə görüşlərinin qardaş xalqlarımız və dövlətlərimizin mənafelərinə xidmət baxımından, ortaq dini-mədəni dəyərlərin qorunub saxlanılması istiqamətində olduqca əhəmiyyətli olduğunu qeyd edib.

Görüşdə dinlərarası əməkdaşlıq, dinlər və mədəniyyətlər arası dialoq ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Şeyxülislam A. Paşazadə Azərbaycan və Qazaxıstanda bu sahədə dövlət səviyyəsində irəli sürülən qlobal təşəbbüslərin böyük əhəmiyyətindən danışıb. QMİ sədri müasir dövrdə türkdilli dövlətlər arasında siyasi, iqtisadi, mədəni sahədə getdikcə daha da dərinləşən qarşılıqlı münasibətlər fonunda müstəqil türkdilli dövlətlərin dini liderlərinin koordinasiyalı əməkdaşlığının da zamanın tələbi olduğu fikrini xüsusi vurğulayıb. Bildirib ki, qardaş türkdilli dövlətlərin ortaq dini-mənəvi dəyərlər müstəvisində birgə səy göstərməsi dövlət rəhbərlərimizin ümumi maraq və mənafelərimizə xidmət edən səy və əməllərinin təşviqinə böyük töhfə verə bilər.

Qazaxıstanlı səfir S.Abdıkarimov, öz növbəsində, müasir dünyada dini liderlərin rolunu xüsusi vurğulayaraq bildirib ki, Şeyxülislam Allahşükür Paşazadə kimi nüfuzlu, ağsaqqal dini liderlərə cəmiyyətin böyük ehtiyacı var. Səfir belə bir mötəbər, dünya miqyaslı fəaliyyətə malik dini liderin Dünya və ənənəvi din liderlərinin Qurultayının XIX sessiyası kimi mötəbər beynəlxalq tədbirdə iştirakını, qiymətli ideyalarla çıxış etməsini yüksək dəyərləndirib. Səfir Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam A. Paşazadəni Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfərin ilk ildönümü münasibətilə təbrik etdi, ən xoş arzularını bildirib.

Oxunma sayı 24