Qurban ətlərinin saxlanma qaydaları

09:30 21.07.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Altınbaş Universitetinin Qida və Mətbəx Sənətləri Bölümünün doktoru Yaşar Sevimli, kəsilmiş qurbanlıq ətlərin necə saxlanılması haqqında məsləhətlərini verib.

Hafta.az-ın yazdığına görə, cənab Sevimli deyib ki, kəsimdən sonra ətda yaranan "Rigor Mortis" (ölüm qatılığı) prosesi mütləq başa çatmalıdır. “Bunun üçün ətin kəsildikdən sonra ən azı 24 saat gözlənilməsi lazımdır. Ölüm qatılığı davam edən ət həzmolmanı çətinləşdirir. Bu da, köpmə, qəbzlik və ya ishal kimi problemlərə yol açır. Ətlər hər tərəfi hava ala biləcək şəkildə, dəsmalın üstünə və ya siniyə sərilməli, hətta arabir çevrilməlidir ki, hər tərəfi normal havalansın. Bu halda ətin istisi azalır və bakteriyaların fəaliyyəti yavaşıyır" deyən mütəxəssis məsləhət görür ki, qurban kəsim məntəqələrində heyvanı kəsdirən insanlar əti politelin torbalara yığmasınlar. Çünki onlar əti götürdükdən sonra evə qədər müəyyən vaxt ərzində yol gedəcəklər. Bu vaxt ərzində isə, xüsusilə də indki aşırı isti günlərdə, ətdə tərləmə, göyərmə kimi hallar ortaya çıxır.

"Yeni kəsilmiş ət sərilib soyudulmadan birbaşa soyuducuya yığılsa, qısa vaxtda xarab olacaq. Çünki bu vaxt hələ də istisini saxlayan ətin üst qatı quruyacaq və daxilində müsbət temperatur olduğu kimi qalacaq. Nəticədə isə ətin daxilində bakteriyaların inkişaf etməsinə şərait yaratmış olacağıq. Əgər ətdən iy gəlməyə başladısa, deməli bu proses artıq gedib”, - deyir Y.Sevimli. 

Mütəxəssisin fikrincə, qurban əti ən azı 5 saat sərin və gün dəyməyən yerdə sərili qalmalıdır. Bundan sonra isə bir gün soyuducuda saxlanmalı, sonra dondurma yerinə qoyulmalıdır. Üstəlik, ətlər dondurucuya müəyyən həcmlərdə yığılmalıdır ki, istifadə edəndə artıq hissəsi qalmasın. Çünki buzdan aşılmış ətin ikinci dəfə dondurulması insan orqanizmini zəhərləyər.