Quru sərhədləri açılacaq?

20:09 20.07.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Quru sərhədlərin açılması məsələsi yenidən müzakirə mövzusudur. Qeyri-rəsmi məlumata görə, Azərbaycanda karantin rejimi səbəbindən 4 ildir ki, bağlı qalan quru sərhədlərinin açılması gözlənilir. Məlumatda qeyd edilir ki, hökumətin belə bir addım atması COP29-la əlaqəli olacaq. Yayılan xəbərlərdə bildirilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah hazırda bu məsələni müzakirə edir. Həmin müzakirələrdə biraylıq quru sərhədlərin açılması müddəti xüsusi diqqət mərkəzindədir. Məlumatlara görə, əsasən avqust və ya sentyabr ayları üçün quru sərhədlərinin açılması nəzərdə tutulur. Ehtimal edilir ki, oktyabrın 1-dən  quru sərhədləri birdəfəlik açılacaq.

Mövzu ilə bağlı iqtisadçı-ekspert  Rəşad Həsənov quru sərhədlərinin uzun müddət qapalı qalmasının təhlükəsizlik və digər məsələlərlə bağlı olduğunu əsaslandırsa da, bunun mənfi elementlərinin də çox olduğunu deyib. O qeyd edib ki, quru sərhədlərin uzun müddət bağlı qalması böyük sosial kütlələrə, onların həyat tərzinə, dolanışığına, mikro və kiçik biznesə, fərdi sahibkarlığa mənfi təsir göstərir: “Eyni zamanda ailə büdcələrinin idarə edilməsində bunun böyük təsiri var. Təxminən, 1 milyondan artıq insan, demək olar ki, sərhəd bölgələrində xırda ticarətlə öz dolanışığını təmin edirdi. Həmçinin insanlar ailə büdcəsini daha sərfəli alış-veriş etməklə daha normal idarə edə bilirdi”.

Ekspert vurğulayır ki, cəmiyyət də quru sərhədlərin açılmasını istəyir: “Bunun sosial-iqtisadi faydaları çoxdur. Olsa bilsin ki, indi bir sıra sahələrdə üstünlüklər yaransın. Xırda ticarət formasında ölkəyə mal və xidmətlərin gətilməməsi nəticədə bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövriyyəsinin genişlənməsinə gətirib çıxarır. Eyni zamanda ixracla məşğul olan şirkətlərin də dövriyyəsində genişlənmə baş verir. İnsanlar fərdi şəkildə öz məhsullarını gətirə bilmir. Bu da müəyyən mənada rüsumlara, vergi yığəmlarına müsbət təsir edir. Ümumilikdə quru sərhədlərinin bağlı qalmasının neqativ təsirləri çox böyükdür. Ona görə də, quru sərhədləri açılmalıdır. Təhülkəsizlik məsələləri isə aidiyyatı dövlət qurumları tərəfindən çevik şəkildə idarə edilə və tənzimlənə bilər”.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması həm iqtisadi, həm imic, həm də təhlükəsizliklə bağlı dünyada söz-söhbətlər yaradaraq ölkəyə çox ciddi ziyan vurur: “Bu məsələ həqiqətən də sona çatdırılmalıdır. Dünyada pandemiya ilə bağlı quru sərhədlərini bağlı saxlayan ölkə qalmayıb. Bizdə quru sərhədlərin bağlı olması pandemiya ilə əlaqəlidir. Ona görə də düşünürəm, indidən hazırlıq işlərinin görülməsinə ehtiyac var ki, sentyabr-oktyabr aylarından bu məsələ öz həllini tapsın. Bu turizmin canlanmasına səbəb olacaq. Pandemiyadan əvvəl Azərbaycanda turizm baxımından rekord rəqəmlər qeydə alınmışdı. Sərhədyanı ticarətin canlanması üçün də quru sərhədlərin açılması çox vacibdir. Bu həm də ölkənin daxilində rahatlıq yaradacaq”.

Ekspert deyir ki, bəzi rəsmilərin açıqlamalarına görə, təhlükəsizlik məsələləri səbəbindən sərhədlərin bağlı qaldığı söylənilir və bu gərginlik yaradır: “İnsanlar düşünür ki, Azərbaycanda nə təhlükələr var ki, quru sərhədləri bağlı saxlanılır? Azərbaycan elə bölgədə yerləşir ki, həmişə təhlükələr olacaq. Bu o demək deyil ki, quru sərhədlərini həmişə bağlı saxlamaq lazımdır. Azərbaycan ordusu, hüquq-mühafizə, xüsusi xidmət orqanları çox güclü olan ölkədir. Açıq sərhəd rejimində də Azərbaycan öz təhlükəsizliyini çox yüksək səviyyədə, tam təmin etməyə qadir ölkədir”.

Ekspertin sözlərinə görə, bu baxımdan payız aylarından, elə sentyabrdan quru sərhədlərin açılması çox yaxşı olardı: “Həm də ona görə ki, Azərbaycan COP29-a ev sahibliyi edir. Çox sayda qonağın gəlməsi gözlənilir. Hətta veloyürüş də təşkil olunacaq. Yüzlərlə velosipedçi başqa ölkələrdən quru sərhəd yolu ilə Azərbaycana gəlib COP29-a dəstək vermək istəyir”.