Razılaşma başa çatır, Avropa qaz üçün Türkiyəyə yönələcək

10:19 29.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Bloomberg” agentliyi yazıb ki, Avropa İttifaqı (Aİ) Ukrayna ərazisindən qaz tranzitinə alternativ axtarır. Xəbərə görə, Kiyev Moskva ilə təbii qazın Avropaya nəqlinə dair bu il başa çatacaq müqaviləni uzatmaq niyyətində deyil. Bu kontekstdə Aİ “Türk axını” da daxil olmaqla alternativ boru kəmərlərindən istifadə etməklə tədarük marşrutları axtarır.

Hafta.az-ın yazdığına görə, agentliyə danışan mənbələr bildiriblər ki, 2024-cü ilin sonunda Rusiya ilə Ukrayna arasında qaz tranziti sazişinin müddəti başa çatdıqdan sonra Aİ Rusiyadan qaz nəqli üçün alternativ marşrutları araşdırır. Sanksiyalara baxmayaraq hələ də Rusiya qazından asılı olan Avstriya, Slovakiya və Çexiya kimi ölkələrə tədarük masasındadır.

Agentlik Avropa Komissiyasının Ukrayna ilə tranzit sazişinin başa çatmasından sonrakı ssenariləri, o cümlədən “Türk axını” daxil olmaqla, digər qaz tədarükü marşrutlarının potensialını təhlil etdiyini və yekun planın martın 4-də energetika nazirlərinin görüşünə təqdim ediləcəyini açıqlayıb.

Yanvarın 25-də Slovakiyanın baş naziri Robert Fiko Ukraynaya səfəri çərçivəsində həmkarı Denis Şmıqalla görüşlərindən sonra 2025-ci ildə Ukrayna ərazisindən boru kəməri ilə qaz tranzitinin davam etdirilməsini xahiş edib. Kiyev isə Rusiya ilə qaz tranziti müqaviləsini yeniləmək niyyətində olmadığını açıqlayıb.

Kiyevin müqaviləni yeniləməkdən imtina etməsini şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu qərar bütün təchizat zəncirlərində dəyişikliklərə səbəb olacaq. Peskov qeyd edib ki, mövcud alternativ marşrutlar "artıq bir çox cəhətdən tıxanıb", lakin nəqliyyat variantları, məsələn, Türkiyə vasitəsilə hələ də mövcuddur və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü də icra olunur.