Ötən həftə ərzində müxtəlif fəaliyyət sahələrində çalışan işçilərin, habelə təqaüdçülərin aldıqları aylıq vəsaitin miqdarı artırıldı.
Prezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında" da sərəncam imzaladı.
Sərəncama əsasən 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılır.
Bəs görəsən maaş artımı bütün müəllimlərə şamil olunacaq? Hansı müəllimlərin maaşı 20, hansıların maaşı 40 faiz qaldırılır?
Məsələ ilə bağlı hafta.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanov bildirdi ki, sərəncam sayəsində 250000-ə yaxın müəllimin maaşı ən az 20, bəzi kateqoriyalarda isə 50 faizə qədər qaldırılır. Burada ümumi olaraq müəllimlərin iş stajı, bitirdikləri universitet, yaxud kollec, dərs yükü nəzərə alınır:
“Ümumi olaraq Azərbaycan məktəblərində dərs yükü 18 saatdır. Bakı məktəbində bu, 22 saata qədərdir. Belə olan halda müəllimin maaşı 800 manatdan artıq olur. Bu da respublika üzrə orta göstəricidən yüksəkdir. Sevindirici hal budur ki, son illərdə iri rayon və şəhərlərdə lisey və gimnaziyalar qurulub. Onların tək binaları yox, müəllim kontingenti də seçiləndir. Belə müəssisələrdə çalışan müəllimlərin ümumi sayı 5000-dən azdır. Onların maaşına 20%-dan savayı 15%-lik artım da əlavə edilir. Beləliklə, həmin təhsil müəssisələrində işləyən müəllimlərin maaşları 1000 manatdan yuxarı olur. Düşünürəm, bu çox müsbət haldır”.
Ekspert onu da vurğuladı ki, bu il təhsil büdcəsi əvvəlki ilə nisbətdə 13% çoxalaraq 4 milyard yarımdan artıq olacaq. Müharibədən yeni çıxmış və COVİD-19 pandemiyası ilə savaşan ölkə üçün belə bir büdcənin hesablanması, maaşların artırılması fədakarlıq deməkdir:
“Bu artımın, demək olar ki yarısı müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində xərclənəcək. Bu il təhsilə ayrılan maliyyə müstəqillikdən sonra ən böyük büdcədir. Müharibədən yeni çıxmış və COVİD-19 pandemiyası ilə savaşan ölkə üçün belə bir büdcənin hesablanması, maaşların artırılması fədakarlıq deməkdir. Buna zərurət var idi. Biz Qarabağ Zəfərində həmin müəllimlərin yetişdirdiyi şagirdlərin hünərinə şahid olduq. Ona görə də müəllimlər hər şeyin ən yaxşısına layiqdir”.