“Rəqabət Məcəlləsi” payızda müzakirəyə çıxarılacaq - Vüqar Bayramov

12:04 28.07.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qlobal dünyanın iqtisadi inkişaf tempi özünün gərgin mərhələsini adlamaqdadır. Dünyada müşahidə olunan iqtisadi böhranla bağlı mövcud proseslər birmənalı olaraq hər bir ölkənin həyatından keçir. Belə bir vəziyyətdə, xüsusilə də postmüharibə dövrünü yaşayan Azərbaycanın özünün iqtisadi təhlükəsizliyini təmin etməsi, əhalinin sosial təminatını yüksəltməsi üçün hansı mühüm addımları atması maraqla izlənilir, təhlil olunur. “Həftə içi”nə müsahibə verən iqtisadçı, deputat Vüqar Bayramov maraqlı fikirlər söyləyib.

- Vüqar müəllim, artıq Zəngilan rayonunun Ağalı kəndinə ilk ailələr köçürüldü. Bu fonda işğaldan azad olunmuş ərazilərdə sosal-iqtisadi layihələrin həyata keçirilməsi prosesinə diqqət çəksək, bunun iqtisadi göstəriciləri barədə nələri söyləmək olar?

- 2021-22-ci illərdə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması üçün 4 milyard 873 min manat vəsait ayrılıb. Büdcə dürüstləşməsində əlavə 470 milyon manat vəsait ayrılması nəzərdə tutuldu.

Təbii ki, böyük qayıdış başlayıb. Zəngilanın Ağalı kəndinə “Ağıllı kənd” layihəsi üzrə sakinlərin geri qayıtması prosesi bütün rayonlarımız üzrə davam edəcək.

Bəllidir ki, həmin ərazilərimiz işğal müddətində tamamilə dağıdılıb.  Mən Füzuli rayonunun kəndində doğulmuşam. Füzuli şəhəri regionun böyük şəhəridir və bu gün şəhərin yerində heç nə qalmayıb. Bu ondan xəbər verir ki, bərpa üçün tələb olunan investisiyanın həcmi kifayət qədər böyük olacaq.  Azərbaycan daxili mənbələri hesabına bərpa və yenidənqurma prosesini aparır. Növbəti illərdə də vəsaitin ayrılması nəzərədə tutulur.

Eləcə də Zəngilana köçən insanların məşğulluğunun təmin edilməsi üçün işlər görülür. Cənab Prezidentin də göstərişi ondan ibarətdir ki, qayıdan ailələr işlə təmin edilsinlər Əhalinin məşğulluğunun olması vacibdir.

İkinci “Ağıllı kənd” Füzuli rayonunun Dövlətyarlı kəndində inşa edilir. Növbəti illərdə daha kütləvi qayıdışları müşahidə edəcəyik. Paralel olaraq kəndlərimizin bərpa olunması daha çox məcburi köçkünlərimizin öz yurdlarına qayıtmasına imkan verəcək. 

- 2022-ci ilin ilk 6 ayının sosial-iqtisadi inkişafı ilə bağlı Prezidentin keçirdiyi müşavirəyə diqqət çəksək, orada bu yöndə qeyd olunan məqamları necə dəyərləndirərdiniz?

- Biz 2022-ci ilin ilk yekunlarını qiymətləndirən zaman birmənalı şəkildə dünya iqtisadiyyatını və regionda baş verənləri xüsusilə qeyd etməliyik. Təbii ki, 2022-ci ilin birinci rübünün yekunları Azərbaycan iqtisadiyyatı üçün uğurlu hesab oluna bilər. Bir tərəfdən iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz artıb, qeyri-neft sənayesində 12 faiz artım var. Nəticə etibarilə bu ondan xəbər verir ki, iqtisadi artım tempi sürətlidir. İqtisadi artımı şərtləndirən əsas  səbəblər, lokomativ artıq qeyri-neft sektorudur.

Əslində, 2022-ci ilin ilk 6 ayı bölgə və dünya üçün fərqli bir dövr oldu. 2021-ci ildə inkişaf etmiş ölkələrdə, eləcə də də dünyada iqtisadi artım tempində yüksəlişlər olmuşdu. Əslində, 2021-ci ildə həm qlobal iqtisadiyyatda, həm Avrozonada yüksək iqtisadi artımlar proqnozlaşdırılırdı. Rusiya-Ukrayna müharibəsi praktik olaraq qlobal iqtisadiyyatda, eyni zamanda regionda iqtisadi trendi tamamilə dəyişdi.  Bu ilin aprel ayında beynəlxalq maliyyə qurumları, o cümlədən beynəlxalq valyuta fondu, dünya bankı iqtisadi artım proqnozlarına yenidən baxdı və neqativ dürüstləşmə həyata keçirtdi. Belə ki, 2022-ci ildə iqtisadiyyatın dünyada 4,1 faiz artacağı proqnozlaşdırılsa da, artıq o proqnoz 2,9 faizə qədər azaldılıb.  Avrozonada 4 faiz iqtisadi artım proqnozlaşdırılırdısa da, həmin rəqəm də 2,8 faiz azaldı.

- Belə bir şəraitdə Azərbaycan üçün əsas hədəf nə idi?

- 2022-ci ilin birinci yarısında Azərbaycan üçün əsas hədəflərdən biri qlobal ərzaq qıtlığının Azərbaycan istehlak bazarına təsirini minimallaşdırmaqla bağlı oldu.  Nəzərə alaq ki, dünyada qlobal ərzaq böhranı, ərzaq qıtlığı var. Yəni bir tərəfdən dünya bazarında ərzaq məhsullarının qiymətlərinin artmasını müşahidə edirik, digər tərəfdən ərzaq məhsulu tələbinin ödənilməsi ilə bağlı çətinliklər var. Nəticə etibarilə BMT-nin qiymətləndirməsi ondan ibarətdir ki, bütövlükdə təxminən, 1,8 milyard dünya sakininin ərzaqla təminatında problemlər müşahidə olunur. Səbəblər aydındır. “COVID-19” pandemiyası və post-COVID dövründə tələbin artması, istehsalın isə bu tələbə uyğun olmaması müşahidə olundu.

2021-ci ildə də ərzaq məhsullarının qiymətlərində kəskin artım müşahidə olunmuşdu.  Təbii ki, Rusiya-Ukrayna məsələsi prosesə daha çox təsir göstərdi. Dünya bazarına çıxarılan buğdanın, təxminən, 30 faizini Rusiya və Ukrayna təklif edir. Ona görə də müharibə həm regionda, həm də qlobal olaraq buğda tələbinə təsirini  göstərdi. Belə bir fonda biz yerli istehsalın daha da aktivləşdiyini müşahidə etdik və cənab Prezident tərəfindən imzalanan son sənəd məhz istehsalın təşviq edilməsini özündə ehtiva edir. Nəticə etibarilə subsidiyalar artırılacaq. Bu da təbii ki, fermerlərin maliyyə imkanlarının, paralel istehsalın artırılmasına gətirib çıxardacaq. Bu gün Azərbaycan buğdaya olan tələbin 60 faizini yerli istehsalın hesabına ödəyir. Digər 40 faizi idxal olunur ki, burada Rusiyanın payı kifayət qədər böyükdür.

- Azərbaycanın taxıl ehtiyatı nə qədər artıb?

- İşğaldan azad olunmuş ərazilərimizin, təxminən, 200 min hektar əkin üçün yararlı əraziləri var. Onun haradasa 40 min hektarı, artıq əkin fonduna qaytarılıb. Yüz min hektarında suvarma işləri həyata keçirilir. Təbii ki, növbəti illərdə torpaqlarımız əkin fonduna qaytarılacaq. Həmin ərazilərimizdə buğda istehsalı həyata keçiriləcək. Buğda istehsalı baxımından həmin ərazilər kifayət qədər cəlbedici və məhsuldar torpaqlara malik ərazilərdir. Əslində, əsas məqsəd ondan ibarətdir ki, iqtisadi tələb yerli istehsal hesabına ödənilsin. Bu istiqamətdə aparılan işləri nəzərə alsaq, o zaman yaxın illərdə əhalinin təminat səviyyəsinin 90 faizə yüksəldilməsi mümkündür. Bu da idxaldan asılılığın minimuma endirilməsinə və istehlak tələbinin daha çox yerli istehsalın ödənilməsinə gətirib çıxara bilər.

- Vüqar müəllim, ölkədə qiymət artımı əhalini ciddi narahat edir. Azərbaycanda bir çox hallarda ərzaq qiymətlərinin süni olaraq qaldırıldığıı bildirilir.

- Ümumiyyətlə, qiymət artımları qlobal olaraq müşahidə olunur. İnkişaf etmiş ölkələrdə belə istehlak bazarındakı qiymətlər son 40 ildə ən yüksək səviyyəyə qalxıb. Məsələn, ABŞ-da inflyasiyanın səviyyəsi bəzən 2 faiz, bəzən də 2 faizdən az olub. Hazırda Birləşmiş Ştatlarda inflyasiyanın səviyyəsi 8 faizdən çoxdur. Böyük Britaniya və avrozonada da inflyasiya səviyyəsinin artmasını müşahidə edirik. Pandemiya dövründə istehsalın azalması, Rusiya-Ukrayna müharibəsi  qlobal bazarda qiymətlərə təsir göstərdi. Təbii ki, bu da Azərbaycanda istehlak bazarında qiymət artımına gətirib çıxardı.  Rəsmi statistikaya görə, 12 faiz qiymət artımı var. Ərzaq məhsullarında artım 19 faizə yaxındır. Əvvəlki illərlə müqayisə etsək, qiymət artımları kifayət qədər böyükdür. Bunun əsas səbəbi dünya bazarında qiymət artımı ilə bağlıdır. Sözsüz ki, süni şəkildə qiymətlərin artırılması halları da var. İstehlak bazarında belə hallara qarşı monitorinq davam edir. Təbii ki, bazarın liberallaşdırılması, bazar tərəfindən qiymətlərin tənzimlənməsi əsas hədəflərdəndir.

Bildiyiniz kimi, “Rəqabət Məcəlləsi” hazırlanıb. Bu, artıq Nazirlər Kabinetindədir və gözlənilir ki, növbəti payız sessiyasında Milli Məclisə təqdim olunacaq.  Burada əsas məqsəd bütövlükdə monopoliyaya qarşı mübarizənin ciddi şəkildə dərinləşdirilməsi, bu mənfi halın aradan qaldırılması və nəticə etibarilə rəqabətin gücləndirilməsidir. Rəqabətin gücləndirilməsi nəticədə qiymətə təsir göstərən amillərdəndir. Bu, xüsusən də süni, inzibati şəkildə qiymət artımının qarşısını almış olacaq.

- Pensiya yaşının azaldılması ilə bağlı hansı addımlar atılır və təklifləriniz nədir?

- Pensiya yaşının artırılması 2017-ci ildə qəbul edilən qanunvericiliyə əsasən həyata keçirilir.  Əmək pensiyaları ilə bağlı qanunvericilikdə edilən son dəyişikliklərdə bir sıra kateqoriyalar üzrə güzəştlər qeyd olundu. Məsələn, 1 və daha artıq övladı olan ailələrdə ananın pensiya yaşı azaldılıb. Digər dəyişikliyə əsasən əgər uşaqlar ata himayəsində olubsa, artıq bu, atalara da tətbiq olunacaq. Eyni zamanda daha zərərli işlərdə çalışan insanların pensiya yaşı 10-12 il azaldılır. Təbii ki, bizim də pensiya islahatları ilə bağlı bəzi təkliflərimiz var.  Onlardan biri xüsusən də uşaq sayına görə pensiya yaşına yenidən baxılması məsələsidir. Artıq 5 və daha artıq uşaqları olan ailələrin sayı daha çox deyil. Təklif edirik ki, bu rəqəm 3-5 və daha artıq uşaqlı ailələrə tətbiq olunsun. Yəni əgər ailədə 3, yaxud 5 uşaq varsa həmin ailələrdə ana, yaxud ata daha tez pensiyaya çıxsın. Bir sıra ölkələrdə qadınların pensiya yaşı ilə kişilərin pensiya yaşı arasında fərq var. Qadınlar daha tez təqaüdə çıxmaq hüququna malik olurlar. Təkilf ondan ibarətdir ki, xanımlar üçün 63 yaş qorunub saxlanılsın, kişilərdə 65 yaş qalsın.  Eləcə də pensiya kartlarından istifadə barədə təklifimiz var. Bəzi ölkələrdə pensiya kartlarından istifadə ilə bağlı çevik imkanlar yaranıb. Yəni pensiya kartından kommunal xidmətlər, kreditlərin ödənilməsi üçün istifadə edilə bilir. Təklif edirik ki, pensiya kapitalı böyük olan şəxslərə daha tez pensiyaya çıxmaq imkanı verilsin. Yaxud vətəndaş pensiyaya çıxmadan da öz kapitalından istifadə etsin. Pensiya kapitalı olan, amma tez rəhmətə gedən şəxslərin ailələrinin həmin pensiya kapitalından istifadə etməsi mümkün olsun. Bu gün əmək pensiyalarına olan dəyişikliyə görə şəxs vəfat edirsə, dünyasını dəyişən pensiya hüququ olan şəxsin təqaüdü pensiya hüququ olan ailə üzvləri arasında bölünür.

- Vüqar müəllim, vətəndaşları narahat edən məqamlardan biri də istehlak kreditlərinin faiz dərəcələrinin yüksək olmasıdır. Banklarda kreditlərin faiz dərəcələrinin azaldılması gündəmə gətirilə bilərmi?

- Mütəmadi olaraq kreditlərin faiz dərəcələrinin aşağı salınması ilə bağlı müzakirələr aparırıq.  Bu, bank sektorunun özünün atacağı addımlardır. Milli Məclis kreditlərin faizləri barədə minimumları müəyyənləşdirmir. Burada, artıq Mərkəzi Bankın intervensiyası əsasında kreditlərin faizləri müəyyənləşir.  Təbii ki, Mərkzi Bankdan bu istiqamətdə fəaliyyətini aktivləşdirməsini təklif edirik. Əslində, bank sektorunun əsas problemlərdən biri budur. Faizlər yüksək olduğundan vətəndaş kreditləri götürəndən sonra onu qaytarmaqda əziyyət çəkir. Bu, nəticədə ona gətirib çıxarır ki, bank verdiyi kreditin bir hissəsini geri ala bilmir. Yüksək faizlə verib, yüksək gəlir əldə etmək istəyərkən, əksinə, o kreditin bir hissəsini geri qaytarmır və problemli kredit kimi rəsmiləşir. Nəticə etibarilə bu bankın özü üçün cəlbedici deyil. Burada banklar daha çox özləri zərərə düşür.  Təklif edirik, mövcud alətlərdən istifadə etməklə kredit fazilərini  optimallaşdırmaq lazımdır.  Bank bir vətəndaşdan depoziti 7 faizə alıb, digər vətəndaşa 17 faizlə yüksək kredit təklif edir. İnanırıq ki, Mərkəzi Bankdakı struktur dəyişikliyindən sonra bu istiqamətə diqqət daha da artırılacaq.  Ümumiyyətlə, bankların da təşviq edilməsinə ehtiyac var.  Bank sektorunda rəqabətin gücləndirilməsi çox vacibdir. Rəqabətin gücləndirilməsi ilə kredit faizinin aşağı salınmasını müşahidə edə bilərik.

Oxunma sayı 226