Dövlətin 5 iqtisadi funksiyasından biri bazar iqtisadi şəraitində rəqabətin təminidir.
Bu fikirləri hafta.az-a iqtisadçı-ekspert Xalid Kərimli bildirib:
“Rəqabəti bazar öz-özünə təmin edə bilmir və rəqabət olmayanda da bazar iqtisadiyyatı səmərəli fəaliyyət göstərə bilmir. Biz bazarlarda həm monopolist qiymətlərin, rəqabətin məhdudlaşdırılmasının əziyyətini çox çəkirik. Son zamanlar bazarda süni qiymət artımı yaradan səbəblərdən danışırıq. Süni qiymət artımını tətbiq edən inhisarçılar öz mövqeyindən istifadə edərək qiyməti artıra, azalda və yaxud istehsalı məhdudlaşdıraraq bazarda özləri üçün uyğun şərait və şərtlər yaradırlar. Rəqabət Məcəlləsinin qəbul edilməsinə qədər bazarda bu münasibətləri tənzimləməli olan "Antiinhisar fəaliyyəti haqqında”, "Haqsız rəqabət haqqında” qanunlar var. Amma təəssüf ki, bu qanunların tətbiqində də ciddi problemlər var. Ona görə də ümumi rəqabət mühitini tənzimləyən Rəqabət Məcəlləsinin olması çox vacibdir. Əslində qanun qəbul edilsə, cəmiyyət üçün olduqca əhəmiyyətlidir. Bu həm ümumi rəqabəti yarada bilər, həm də monopolistlərin süni qiymətlərinin qarşısını ala bilər. Süni qiymət hansısa kiçik mağazada işləyən satıcının qiyməti deyil. Süni qiymət məhz bu monopolistlərin təyin etdiyi qiymətdir”.
X.Kərimli qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə yanaşı, qanun cəmiyyətin mənafeyini müdafiə edəcək şəkildə tətbiq ediləcəksə, müxtəlif bazarlarda inhisarlar müəyyən olunacaq və onların fəaliyyətinə nəzarət olunacaq: "Bir çox bazarlarda qanunvericiliklə əlaqəsi olan lobbiçilik qrupları və məmurlara bağlı bizneslər var. Rəqabət Məcəlləsinin qəbulu bazarlar üzrə analizlərə gətirib çıxarmalıdır. Bazarın 1/3-dən çox paya sahib olan subyektlərin müəyyənləşməsinə və onların fəaliyyətinə nəzarətin müəyyənləşməsinə gətirib çıxarmalıdır. Çünki bazarda əhəmiyyətli paya malik olan təsərrüfat və biznes subyektləri istədiyi formada qiymətləri təyin edə bilirlər. Bazar iqtisadiyyatında biz adətən qiymətlərdən danışırıq. Əgər biznes subyekti inhisarçı deyilsə, istənilən qiyməti qoya bilər. Geniş cəmiyyət üçün iqtisadiyyat bundan itirir və monopolistlər bundan udurlar. Bunun üçün də lobbi qrupları vasitəsilə qanunvericilik aktlarının qəbul edilməsinə maneçilik yaradırlar. Oliqarxlar bazarın 50 faizdən çoxunu ələ keçirirlər və istədikləri qiymətləri diktə edə bilirlər. Bu isə cəmiyyətin maraqlarına ziddir. Ona görə də Rəqabət Məcəlləsi Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və iqtisadi mühitin yaxşılaşdırılması baxımından, əhəmiyyətli qanundur. Rəqabət Məcəlləsi oyun qaydalarının müəyyənləşdirilməsidir. Heç bir biznes subyektinin hətta üstün hökmran mövqeyi olsa da, belə fəaliyyətini dayandırmasına səbəb olmur. Sadəcə, onların fəaliyyətinə qiymət müdaxiləsinə, istehsalların həcminə, apardıqları siyasətə artıq dövlət antiihisar qurumu nəzarət edir və lazım olduqda onların fəaliyyətinə müdaxilə mexanizmi işə salınır. Yəni həm dövlət tənzimləmə orqanının, həm də biznes subyektlərinin normal işlədiyi şəraitdə Rəqabət Məcəlləsi ölkə iqtisadiyyatında rəqabət mühitinin təkmilləşməsinə təkan verə bilər”.