“Rəqəmsal sterlinq”lə bağlı yekun qərar verilməyib

09:26 26.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Britaniya Bankı (BoE) ölkə xəzinədarlığı ilə həyata keçirilən və "rəqəmsal sterlinq" kimi tanınan mərkəzi bank tərəfindən dəstəklənən rəsmi elektron valyuta layihəsi üzrə məsləhətləşmə hesabatının nəticələrini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, hesabatda pulun gündəlik həyatda son dərəcə mərkəzi rola malik olduğu və valyutaya inamın həyati əhəmiyyət daşıdığı qeyd edilib.

Hesabatda Britaniya iqtisadiyyatının getdikcə rəqəmsallaşdığı və əhalinin nağd puldan istifadəsinin gündən-günə azaldığı vurğulanır. Lakin nağd pulun hələ də bir çox insan üçün vacib olduğu ifadə edilir və deyilir: “Nağd pul birbaşa Britaniya Bankı tərəfindən buraxıldığı üçün, o, iqtisadiyyatın mərkəzindədir. Nağd pula etibar edə bilərsiniz".

Hesabatda, həmçinin Britaniya hökumətinin və BoE-nin rəqəmsal funtun işə salınması ilə bağlı hələ qəti qərar vermədiyi ifadə edilib: “Biz ”rəqəmsal funt” ideyasına diqqət yetiririk. Pul və ödənişlərin gələcəyi mövcud əskinaslarımızın rəqəmsal tamamlayıcısı olacaq, amma  nağd pulu əvəz etməyəcək”.

Hesabatda məqsədin istehlakçıların pullarını necə istifadə etmələri ilə bağlı şəxsi seçimlərini qorumaq olduğu və rəqəmsal funtlardan istifadə edib-etməməyin vətəndaşların seçiminə buraxılacağı qeyd olunub.

Hesabatda Britaniya parlamentinin rəqəmsal funtun tətbiqi ilə bağlı söz haqqına sahib olacağı vurğulanır.