Rusiyalı kişilər hərbi xidmətdən yayınmaq üçün cinsiyyətinin dəyişdirilməsinə əl atmağa başlayıblar. Bu barədə “Kommersant” Dövlət Dumasındakı mənbəyə istinadən xəbər verir.
Nəşrin mənbəsinin sözlərinə görə, Ukraynadakı müharibə fonunda bir çox gənclər hərbi xidmətə çağrılmamaq üçün cinsiyyətini dəyişmək üçün özəl klinikalara üz tutublar. Bununla bağlı Dövlət Duması cinsiyyətin əməliyyatsız dəyişdirilməsini qadağan edən qanun qəbul etməyə hazırlaşır.
Aydınlaşdırılır ki, Duma Şurası müvafiq qanun layihəsinə bayramlardan sonrakı ilk iclasında - mayın 15-də baxa bilər.
“Kommersant” qeyd edir ki, “qondarma” cinsin dəyişdirilməsi mövzusunu ilk dəfə Ədliyyə Nazirliyinin rəhbəri Konstantin Çuiçenko qaldırıb. O, “Vətəndaşlıq vəziyyəti aktları haqqında” və “Rusiya Federasiyasında vətəndaşların sağlamlığının qorunmasının əsasları haqqında” qanuna “ailə dəyərlərini” birləşdirəcək və cərrahi müdaxilə olmadan cinsiyyətin dəyişdirilməsini qadağan edəcək bir sıra dəyişikliklərin edilməsini təklif edib.
Təşəbbüsü Dövlət Dumasının sədri Vyaçeslav Volodin də dəstəkləyir. Onun sözlərinə görə, son vaxtlar cinsiyyətinin dəyişdirilməsi ilə bağlı 2700 fakt qeydə alınıb: “İnsan səhər durub özü qərar verir ki, o, artıq kişi deyil, qadındır; qadın yox, kişi. Ödənişli klinikaya gedir - xidmətin qiyməti 30 mindən 60 min rubla qədərdir - sertifikat alır və bu sertifikatla soyadını, adını, ata adını dəyişdirmək üçün qeydiyyat şöbəsinə, pasport idarəsinə gedir”.