Rus oliqarxlar bahalı yaxtalarını dəyər-dəyməzinə satırlar

12:00 11.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sanksiyalardan sonra rusiyalı oliqarxlar öz dəbdəbəli yaxtalarını “xərac auksionu” üçün satmağa başlayıblar.

Hafta.az-ın “Moskva Tayms”a istinadən yazdığına görə, “Fraser”, “Moran”, “Burgess”, C&N, “Arconyachts” kimi aparıcı yaxta brokerlərində sahibi Rusiya vətəndaşı olan onlarla yaxtanın satışda olduğu bildirilir.

Satışa çıxarılan ən bahalı yaxta Aleksandr Caparidzenin “Yevraziya” şirkətinə məxsus “Here comes the sun” yaxtasıdır. 89 metrlik yaxta 195 milyon dollara satışa çıxarılır.

LUKoil şirkətinin qurucusu Vahid Ələkbərova məxsus 70 metrlik "Galactica Supernova" yaxtası üçün 75 milyon avro istənilir.

Keçmiş KQB üzvü və “Nornikel”in meneceri Vladimir Strjalkovski 68 metrlik "Icon Ragnar" yaxtasını 69,5 milyon avroya, keçmiş millət vəkili Valentin Zavadnikov isə 55 metrlik "Admiral Quinta Esentia" yaxtasını 25 milyon avroya satır.

Bu arada, keçmiş bankir Oleq Tinkov da 100 milyon dollar dəyərində "La Datcha" yaxtasını sata biləcəyini açıqlayıb.

Qeyd edək ki, Rusiya Ukraynaya hücuma başladıqdan sonar prezident Vladimir Putinə yaxın oliqarxlara məxsus ən azı 13 dəbdəbəli yaxta ABŞ və Avropa İttifaqı tərəfindən müsadirə olunub.