Rus sülhməramlıları Qarabağda 50 minlik Azərbaycan ordusu ilə döyüşməyəcək – İskəndəryan

08:49 31.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Ermənistan arasındakı mövcud vəziyyətlə bağlı İrəvanın tamamilə çarəsiz durumda olduğu, Bakının tələbləri əsasında sülh sazişini imzalamaqdan başqa çıxış yolunun qalmadığını erməni siyasilər artıq açıq şəkildə ifadə etməkdədirlər.

“Nəzəri olaraq Rusiya çox şey edə bilər, böyük dövlətdir, Ukrayna müharibəsinə baxmayaraq, Azərbaycana təsir etmək üçün kifayət qədər çəkisi var, amma praktikada Qarabağda sülhməramlıların döyüşəcəyini düşünmək ciddi deyil. Hafta.az bildirir ki, bunu erməni politoloq Aleksandr İskəndəryan deyib”.

“Hazırda 2000-ə yaxın yüngül atıcı və yüngül texnikası olan sülhməramlılar Qarabağdadır və onlar bütün növ silahlarla 50 min nəfərə qədər Azərbaycan ordusu tərəfindən mühasirəyə alınıblar. Baxmayaraq ki, sülhməramlılar hərbi qüvvə deyil, bayraqdır.

Eyni zamanda, Rusiya Azərbaycanla həmsərhəddir. Rusiya nəzəri olaraq şimaldan Azərbaycana hücum edə bilərmi? Rus tanklarının kolonnaları Dərbənddən girib Bakıya gedəcəkmi? Rusiya hərbi donanması Abşeron sahillərinə yaxınlaşacaqmı? Belə bir şeyin olmayacağı tamamilə aydındır. Buna uyğun olaraq, Rusiyanın göstərdiyi və ya etmədiyi təzyiq siyasi xarakter daşıyır.

Bütün bunları mükəmməl başa düşən Azərbaycan gördüyü işi davam etdirir”, - ekspert vurğulayıb.

O qeyd edib ki, siyasi razılaşmalar, onları doğuran reallıq nə qədər yaşayırsa, o qədər mövcud olur.

Onun sözlərinə görə, 9 noyabr 2020-ci il bəyanatına əsas verən reallıq Ukrayna müharibəsi başlayandan sonra kəskin şəkildə dəyişib.

“İndi biz tamamilə fərqli siyasi reallıqda yaşayırıq. ATƏT-in Minsk qrupu yoxdur, Dağlıq Qarabağın statusu ilə bağlı beynəlxalq birlik tərəfindən müzakirələr aparılmır, Qarabağ münaqişəsinin DQR-in statusunu müəyyən etməklə həllinə cəhdlər yoxdur.

Bu reallıqlar ona görə ölüb ki, onları doğuran siyasi vəziyyət ölüb. İndi vəziyyət əvvəlkindən çox fərqlidir. Məsələn, Türkiyə indi Rusiya üçün çox önəmlidir. Türkiyənin Rusiya üçün dəyəri son illərdə kəskin şəkildə artıb. Biz isə Azərbaycan deyəndə Türkiyəni nəzərdə tuturuq. Bu əlaqə indi Cənubi Qafqaza aid olan məsələ ilə bağlı praktiki olaraq möhkəmdir və Rusiya bunu nəzərə almağa məcburdur”, - İskəndəryan qeyd edib.

“Türkiyə bütün problemlərə baxmayaraq, Avropa üçün də bir dəyərdir. O, Suriya, İraq, İran və keçmiş Sovet məkanı ilə həmsərhəd olan yeganə NATO üzvüdür. Bundan əlavə, o, NATO-nun ikinci ordusudur. Bəli, Azərbaycan da Qərb üçün önəmlidir”, - deyə politoloq əlavə edib.

O hesab edir ki, Ermənistanın Qarabağ ətrafındakı problemlərin həllinə müdaxiləsi ən azı zahirən azalıb.