Rusiya Donbasda öz soydaşlarının müdafiəsinə qalxdı... - Rövşən Hüseynov

14:55 16.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün bölgəmizdə hər birimizi çox yaxından maraqlandıran proseslər cərəyan etməkdədir. Yeni Laçın yolu məsələsi, Ermənistanda baş verən partlayışlar, davam edən Ukrayna-Rusiya müharibəsi... Bu və digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən Azərbaycan Xalq Sosialist Partiyasının sədri Rövşən Hüseynov fərqli, maraqlı nüanslara diqqət çəkib.

-Rövşən müəllim, bu gün Laçın dəhlizi istiqamətində cərəyan edənlər regionda gedən hansı  prosesin davamıdır?

-Əvvəla, biz müharibəyə öz torpaqlarımızı işğaldan azad etmək üçün getdik. Prosesə beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin yanaşması fərqli oldu. Məhz regionun əsas güc dövlətləri -Rusiya və Türkiyə bu müharibədə bizə çox yaxından köməklik etdilər.

Azərbaycanın önəmli olduğunu anlayan Rusiya 44 günlük müharibədə üzünü yana çevirdi və Azərbaycanın öz torpağını azad etməsinə şərait yaratdı. Bu son proseslər göstərir ki, Paşinyan hakimiyyətinin də məqsədlərindən biri bu məsələni tam şəkildə həll etmək, Rusiyanın təsiri altından çıxmaqdır. Hətta yaxın vaxtlarda Ermənistan Gümrüdə olan rus hərbi hissələrinin ərazini tərk etməsini istəyəcək. Çünki bu, Qərb tərəfindən Ermənistanın üzərinə qoyulan tələbdir.

Yəni bu gün Laçında davam edən proses bir neçə ilə əvvəl Paşinyan və komandasının Şuşada getdikləri “yallı” ilə başlamışdı. Paşinyan o zaman Azərbaycanı dəvət edirdi ki, “gəlin”... 

Təbii ki, Paşinyan hakimiyyəti çox gözəl başa düşürdü ki, münaqişəli məsələni həll etmək lazımdır. Ondan əvvəl Sarkisyan, Köçəryan hakimiyyəti Qarabağ klanı üzərindən hakimiyytə gəldikləri üçün revanşist çıxışlarından əl çəkmirdilər. Əks halda hakimiyyətdə olmaları da mümkün olmazdı. Ona görə də Qarabağ məsələsini gündəmdə saxlayıb bundan alver məqsədilə istifadə etmək istəyirdilər.

Bir həftə öncə isə Ermənistan silahlı qüvvələrinin rəhbəri bəyanat verdi ki, erməni silahlıları Qarabağ ərazisindən çıxmalıdır. Amma Qarabağdakı bir neçə yüz erməni separatçısı Ermənistan rəhbərliyinə tabe olmurlar. Bəllidir ki, bunun da arxasında müəyyən qüvvələr durur. Onlar da gözəl başa düşürlər ki, Laçın dəhlizini boşaldacaqlar. Vəziyyət ona doğru gedir ki, Azərbaycan qısa müddətdə Xankəndini də nəzarətə götürəcək.  Son günlər bir neçə erməninin Azərbaycan prezidentinə  müraciəti də elə belə deyil . Bunun da arxasında nəsə durur.

-Siz Rusiyanın regionda əsas güc olduğunu qeyd etdiniz. Bu prosesdə təbii ki, Rusiyanın sülhməramlı kontingentinin də məsuliyyəti var. Rusiya prosesə necə təsir, yaxud nəzarət  etməlidir?

-İlk öncə təsir yox, regionda sabitliyin qorunmasına nəzarət etməlidirlər. Bu da reallıqdır ki, əgər  sülhməramlı qüvvələr o zaman Qarabağa gəlməsəydilər proseslər tamam başqa istiqamətdə gedərdi. Ona görə də bu gün sülhməramlıların orda olması normal bir prosesdir. Amma sülhməramlıların da regionda qalmasını çox uzatmaq lazım deyil. Çünki Azərbaycan müstəqil ölkədir və azad etdiyi yerlər öz əraziləridir. Bu gün Azərbaycanın, iqtisadi, siyasi cəhətdən tam imkanı var ki, o əraziləri özü müstəqil bərpa etsin, infrasrukturu özü qursun. Mənə elə gəlir ki, sülhməramlıların Qarabağda 2 ildən artıq saxlanmasına ehtiyac yoxdur. Sülhməramlılar zamanı gələndə Azərbaycan torpaqlarını tərk eləməlidirlər. Azərbaycan ordusunun öz sərhədlərini qorumağa tam imkanı var.  Müstəqillyimizin qorunması üçün heç kimi -nə İranı, Nə Türkiyəni, nə Rusiyanı dəvət etmək lazım deyil. 

- İndi regionumuzu tərk etmək Rusiyanın maraqlarına uyğundur?

-Rusiyanın regionda maraqları olub və olacaq. Tək Azərbaycanda deyil, eləcə də Ermənistanda, Gürcüstanda, Moldovada. Bu gün Ukraynada gedən müharibə, Orta Asiyada yaranan vəziyyət Rusiyanın maraqları kontekstində baş verir.  Rusiya çalışır ki, hər regionda təsirini saxlamaq üçün öz gücünü orda saxlasın. Gürcüstan Rusiya hərbi qüvvələrini ərazilərindən çıxartdı.  

Amma burda Azərbaycanla bağlı məsələ fərqlidir. Azərbaycan Rusiya ilə müttəfiq ölkədir. Artıq Ukrayna-Rusiya müharibəsi başlamamışdan öncə cənab Prezident Putinlə mühüm bir sənəd imzaladı. Bu sənədin imzalanması o demək idi ki, Rusiya Azərbaycana keçmişdə olduğu kimi “kiçik qardaş” kimi yox, bir müttəfiq kimi yanaşır. Bu da ondan irəli gəlir ki, son illər Azərbaycan iqtisadiyyatını, ordusunu  inkişaf etdirə bilib. Bu gün regionun qaz-neft sahəsində Azərbaycan mühüm rol oynayır.

-Bu gün Laçının boşaldılmasında Rusiya sülhməramlılarının rolu var?

-Heç bir rolu yoxdur. Bu gün Laçında gedən o proseslər məhz Azərbaycan Ordusu tərəfindən irəliyə aparılır. Dediyim kimi, bu proses müəyyən zaman öncə razılaşdırılmış məsələdir. Putinin Ərdoğanla İranda görüşü və əldə olunan razılaşmalar da imkan verdi ki, növbəti proseslər yaransın. Əgər kimsə fikirləşirsə ki, İran bu prosesdə Azərbaycana qarşı qərəzli mövqe tutub, yanılır. Çünki artıq Rusiya, Türkiyə, həm də İran  Azərbaycanı siyasi proseslərdə dəstəkləyir və çalışır ki, regionda ölkəmizə qarşı müsbət rol oynasın.  Bu prosesdə də Rusiya 44 günlük müharibədə olduğu kimi kənarda dayanacaq.

-Bu ölkənin sakitcə kənarda dayanması inandırıcı görünmür. O zaman Rusiya Azərbaycandan nə istəyir?

- Avropa tətbiq olunan sanksiyalarla Rusiyanın iqtisadi vəziyyətini zəiflətməyə çalışır. Təbii ki, nəhəng Rusiyanın özünün iqtisadi potensialı çox böyükdür. Əgər Avropa bu sanksiyalarla Rusiyaya zərər vermək istəyirdisə, daha çox özü zərər gördü. Rusiyanın inkişafı davam edir və təbii ki, ona, yaxın müttəfiqlər lazımdır. Bu müttəfiq rolunu Azərbaycan oynayır. Məsələn meyvə-tərəvəz sahəsində Ruziya bazarları tam Azərbaycan üçün açıqdır. Əvvəl Azərbaycan məhsulları Rusiya bazarına buraxılmırdısa, inid yaşıl işıqdır. Bu gün Rusiyaya valyuta gətirən ölkələrdən biri də Azərbaycandır. Yəni müttəfiqlik sazişinin Ukrayna -Rusiya müharibəsindən iki gün qabaq imzalanması təsadüfi deyildi.

-Artıq Ukrayna-Rusiya müharibəsi kifayət qədər uzandı. Bu günlər “Ukrayna hücuma keçib, üstünlüyü ələ alıb”, yaxud, “Rusiya məğlub olarsa nə baş verə bilər”, yaxud “qalib olarsa nə baş verər” -kimi suallar ətrafında mediada  aparılan müzakirələri müşahidə edirik. Bir çoxları burda Rusiyanı məğlub hesab edir, bir çoxları da Ukraynanı. Bu müharibəyə sizin baxışınız nədir?

-Əvvəla bu bizim üçün Ukrayna - Rusiya qarşıdurması müharibə yox, xüsusi əməliyyatdır. Hələ 90-cı illərin sonunda Krımın Ali Sovetinin sədri Qraçla beynəlxalq tədbirlərin birində görüşdüm. O qeyd edirdi ki, Ukraynanın Krıma ögey münasibəti var. Yəni, dövlət büdcəsindən ayrılan vəsait Krıma yetmir, orada yaşayan əhalinin sosial vəziyyəti daha ağırdır, maaşlar azdır... Qraç deyirdi ki, bu partlayışa gətirib çıxaracaq. Mən o vaxtlar Krımda olanda da əhali ilə görüş zamanı bunu hiss edirdim. Ukrayna buna önəm verməli idi. Sadəcə olaraq Ukrayna hökuməti 2014-cü ildən bu yana  öz məkirli fikirləri ilə yaşayırdı. Bunların əsas fikirləri ondan ibarət idi ki, Qərbə doğru getsinlər. Ona görə ki, Qərb bunlara çox şeylər vəd etmişdi.

-Sizcə hansısa müstəqil dövlətin müstəqil siyasət yürütmək istəyi “məkirli” fikirdir?

-Yox. Məsələn, Ukraynanın NATO-ya daxil olması 2014-cü ildən müzakirə olunur. Bu günə qədər də NATO-ya qəbul olunmayıb. Ondan başqa Avropa İttifaqına daxil olması da o vaxtdan Ukrayna cəmiyyətində müzakirə olunsa da, bu da baş vermədi. Mən özüm 6-7 ay Ukraynada oldum və orada gedən prosesləri daxildən izləyirdim. Siyasətçilərlə, politoloqlarla görüşürdüm. Bu gün Ukrayna-Rusiya arasında dediyimiz bu xüsusi əməliyyat ondan irəli gəlir ki, Ukrayna insanların problemlərinin həllinə deyil, Qərbin istəklərinə doğru getdi. Düzdür. Bu barədə Azərbaycan cəmiyyətində fərqli fikirlər var. Məsələn, mən Donbas, Luqanskda olmuşam. Onların yaşadıqları problemləri görmüşəm -insanların evləri dağıdılır, nə qədər zərər yetirilirdi. Rusiya bu məsələni açıqladı və Avropaya mesajlar göndərdi ki, gəlin bu problemləri bir yerdə həll edək. Amma Qərb buna üz çevirdi. Nəhayət, elə bir zaman gəldi ki, Rusiya orda əhalinin müdafiəsinə qalxdı. Yəni, Donbas, Luqanskda əhalinin 90 faizi ruslardır.  Bu gün deyə bilərik ki, Rusiya öz soydaşlarının müdafiəsinə qalxdı. Ukrayna hakimiyyəti istəyərdisə, məsələ tezliklə həll oluna bilərdi. Sadəcə olaraq Qərb buna imkan vermir. Qərb üçün əsas  məqsəd ondan ibarətdir ki, Ukraynanı silahla təmin etsin, yeni silahlarını Ukrayna meydanında “yoxlasın”. Regionda gedən prosesin arxasında Qərb durub. Dəfələrlə Rusiya məsələ qaldırıb ki, gəlin müzakirə edək, məsələni tamamlayaq. Qərb buna imkan vermir.  Qərbin məqsədi Ukraynanı müdafiə etmək deyil, məqsədi Rusiyanı çökdürməkdir. Sadəcə Ukrayna onlar üçün əlverişli olduğuna görə prosesi Ukraynada başladılar.  Ondan öncə bunu Belarusda başlamaq istədilər. Sadəcə olaraq orda Lukaşenko buna imkan vermədi. Vətənini sevən, xalqını  sevən insan məhz belə etməli idi.

-Siz deyirsiz ki, Rusiya o ərazilərdə yaşayan öz soydaşlarını müdafiə etmək üçün xüsusi əməliyyata başladı. Mən başqa ölkədə öz soydaşlarını müharibə etməklə müdafiə etməyin məntiqini anlamadım. Bu müdafiədir, yoxsa öldürməkdir?

-Əvvəla bu xüsusi əməliyyat başlayarkən Rusiya ordusu Donbas və Luqansk vilayətlərinə daxil olmurdu. Ukraynaya hücum etməyi deyil, prosesləri danışıqlarla həl etməyə çalışırdılar. Amma sonra Ukraynanın silahlı qüvvələri Donbas, Luqansk vilayətlərinə hücumlara başladı. Rusiyanın həmin ərazilərə daxil olması birtərəfli deyildi. Artıq Luqansk və Donbasın rəhbərləri  Rusiyadan xahiş etmişdilər ki, yardım edilsin. İlk öncə ora silah göndərildi. Luqansk və Donetsk vilayətlərinə hücumlar başlayandan sonra Rusiya öz silahlı qüvvələrini ora daxil etdi.

Burada kimsə qalib, kimsə məğlub olmayacaq.  Artıq proses sona doğru gedir. Rusiyanın burda şərti ondan ibarətdir ki, Ukrayna Luqansk, Donetsk “respublikalarının” müstəqillyini  tanısın. Düşünürəm ki, bu vilayətlər respublika kimi fəaliyyət göstərməyəcək. Rusiyanın tərkibinə daxil olub onun regionu kimi fəaliyyət göstərəcəkdir. Bu da təbii ki, Ukrayna hakimiyyətini qıcıqlandırır. Ona görə də bu məsləldə nə məğlub olacaq, nə də qalib.

-Rövşən müəllim, “Rusiyanın öz soydaşları uğrunda xüsusi əməliyyatlara başlaması” ilə bağlı dediyiniz məqam Rusiyanın bir qədər əvvəl Qarabağa apardığı ruslaşma siyasəti ilə burda da təkrarlana niyyətini güdə bilərmi? Məsələn, ruslar  erməniləri Qarabağa köçürdü, onlara rus pasportu payladı, rus mərkəzi yaratdılar. Bu ona görə edilə bilərmi ki, sonradan “öz soydaşlarını müdafiə etmək” bəhanəsi ilə burda qalsınlar və bildiklərini etsinlər?

- Ukraynada olan prosesləri Qarabağda gedən proseslərlə əlaqələndirmək düzgün deyil. Qarabağda o problem yoxdur və olmayacaq da. Bu gün hətta Rusiyanın biznes elitasında belə bir fikir var ki, Azərbaycanla danışıqlara getsin və Qarabağda müəyyən infrastrukturların, biznes sahələrinin yaranmasında tam şəkildə iştirak eləsin. Bu o deməkdir ki, Rusiya rəhbərliyi də başa düşür ki, Azərbaycanın torpaqları qaytarılıb, bir də o məsələlərə qayıtmaq mümkün deyil.

Oxunma sayı 168