Rusiya ötən il Türkiyə, Çin, Hindistan, Braziliya, İndoneziya və Malayziyaya ümumilikdə 187 milyard dollar dəyərində neft və təbii qaz satıb.
Hafta.az-ın “Moskovskiy Komsomolets”ə istinadən yazdığına görə, bu məbləğ sanksiyalardan əvvəl Avropaya orta satışdan 56 milyard dollar çoxdur.
Məlumata görə, Çinin Rusiyadan neft və təbii qaz idxalı 43 milyard dollardan 95 milyard dollara, Türkiyənin idxalı isə 2,4 dəfə artaraq 30 milyard dollara yüksəlib. Bununla belə, qəzet “müsbət məlumatların” arxasında bir çox ciddi ixrac problemlərinin gizləndiyinə diqqət çəkir.
"Alfa-Foreks" şirkətindən Aleksandr Şneyderman bildirib ki, satışdan əldə olunan gəlirin bir hissəsi artan nəqliyyat xərclərinə gedir. Şneyderman həmçinin bildirir ki, Çin və Hindistan kimi ölkələr öz şərtlərini diktə edir, bazarlıq gücləri sayəsində idxala böyük endirimlər olunur.
Təhlilçinin fikrincə, Avropa ilə “Şərq” arasında daha bir fərq ondan ibarətdir ki, Avropa ölkələri ilə uzunmüddətli müqavilələr bağlandığı halda, “Şərqlə” ticarət “nöqtə” xarakteri daşıyır, Avropa ödənişləri dollar və avro ilə həyata keçirərkən, yeni müştərilər ümumiyyətlə yerli valyutada alış-veriş edirlər.
Siyasi Texnologiyalar Mərkəzindən Nikita Maslennikov da neft və təbii qazdan gələn müsbət məlumatlara baxmayaraq, Rusiyanın ümumi ixracının 2023-cü ildə təxminən 30 faiz azaldığına diqqət çəkir. Maslennikov bəyan edib ki, Rusiyanın xarici ticarəti “daha mühafizəkar olub və müxtəliflikdən məhrumdur”.