Rusiya ilə ticarətdə dollardan imtina edirik?

11:27 16.02.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi proqnozları üstələyərək, 4,4 milyard dollara çatıb. Qeyd edək ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, 2023-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 4 milyard dollara çatacağı proqnozlaşdırılsa da, artım təxminən 17 faiz təşkil edib.

Səfir vurğulayıb ki, sanksiyalar ölkələr arasında “münasibətlərin daha da sıxlaşmasına” gətirib çıxarıb. Səfir ticarət dövriyyəsindəki artımın Rusiyanın paralel idxal siyasəti ilə əlaqəli olmadığına da işarə edib: “Sanksiyalar ona gətirib çıxarıb ki, münasibətlərimiz daha da sıxlaşıb, biz sənaye kooperasiyasında çox ciddi layihələr gerçəkləşdiririk. 17 faizlik artım nəyinsə Azərbaycan vasitəsilə təkrar ixracı deyil, bunlar özəlliklə sənaye kooperasiyası üzrə böyük layihələrdir".

Səfirin açıqlamasından o da məlum ki, manat-rubl tandemi Rusiya ilə ticarətdə dolları arxa plana keçirir.

“Bu ilin əvvəlində Rusiya və Azərbaycanın milli valyutalarından istifadə 54 faizi ötüb, yəni biz Bakı ilə münasibətlərimizdə dollar və avrodan uzaqlaşırıq”, – diplomat söyləyib.

Bəs, görəsən, iki ölkə arasında ticarət dövriyyəsinin artmasına səbəb nədir? Qarşılıqlı hesablaşmaların milli valyutada aparılması iki ölkəyə nə qazandırır?

Qeyd edək ki, Rusiya, ənənəvi olaraq, Azərbaycanın ən çox idxal gerçəkləşdirdiyi ölkədir. Ötən il Azərbaycan Rusiyadan 3 milyard 162 milyon dollarlıq idxal gerçəkləşdirib. Rusiya 18.3 faizlik payla Azərbaycanın idxalında ilk yeri tutur. Azərbaycanın Rusiyaya ixracı isə ötən il 1 milyard 196 milyon dollar olub və 3.5 faizlik payla Rusiya Azərbaycanın ən çox ixrac gerçəkləşdirdiyi altıncı ölkədir. Azərbaycanın sırf qeyri-neft sektoru ixracında isə Rusiya birincidir. Beləcə, idxal və ixracın cəmi göstərir ki, ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin həcmi 4 milyard 359 milyon dollardır. Bu göstərici ilə Rusiya İtaliya və Türkiyədən sonra Azərbaycanın ən böyük üçüncü xarici ticarət tərəfdaşıdır.

Rusiya-Ukrayna savaşı başlamazdan öncə - 2021-ci ildə Azərbaycanla Rusiyanın xarici ticarət dövriyyəsi 3 milyard dollar idi. 2022-ci ildə bu göstərici 3.7 milyard, 2023-cü ildə isə 4.4 milyard dollara yüksəlib. Deməli, Rusiya-Ukrayna müharibəsi başlanandan bəri Rusiya və Azərbaycan arasındakı ticarət dövriyyəsi 1.4 milyard dollar və ya 47 faiz artıb.

Dövlət Statistika Komitəsi (DSK) ən son ötən ilin ilk 11 ayına dair xarici ticarət hesabatını açıqlayıb. Həmin hesabatdan məlum olur ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycan Rusiyadan ən çox toplam dəyəri 646 milyon dollarlıq xam neft idxal edib. Daha öncə Rusiyadan cəmi 131 milyon dollarlıq xam neft alınmışdı. Başqa sözlə, Azərbaycan Rusiyadan xam neft alışını yarım milyard dollar artırıb. Bu baxımdan aydın olur ki, 2023-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artımındakı əsas səbəb şimal qonşusundan xam neft idxalı ilə bağlıdır.

2022-ci ildən öncəki illərdə Azərbaycan Rusiyadan təbii qaz idxal etmirdi. Azərbaycanın Rusiyadan təbii qaz idxalında da artım qeydə alınıb. Ötən ilin ilk 11 ayında Azərbaycan Rusiyadan 143 milyon dəyərində təbii qaz idxal edib. Təbii qaz Azərbaycanın Rusiyadan idxalında üçüncü yeri tutur. 2022-cü il boyunca idxal edilən təbii qazın dəyəri 17 milyon dollar idi.

Azərbaycanın Rusiyadan idxalında ikinci yeri tutan məhsul buğdadır. Ötən ilin ilk 11 ayı boyunca Azərbaycan Rusiyadan 230 milyon dollar dəyərində yumşaq buğda və meslin idxal edib. Adıçəkilən məhsulların Rusiyadan idxaldakı payı 35 faizdir.

Azərbaycanın Rusiyaya nə satdığına gəlincə, statistik məlumatlara əsasən deyə bilərik ki, Azərbaycanın Rusiyaya ixracında ilk yeri pomidor tutur. Ötən ilin ilk 11 ayı ərzində Azərbaycan Rusiyaya 136 milyon dollarlıq pomidor göndərib. 2022-ci ildə Azərbaycan Rusiyaya pomidor ixracından daha çox – 161 milyon dollar gəlir götürmüşdü.

Əvvəlki dövrlərdən fərqli olaraq, Azərbaycanın Rusiyaya bəzi məhsulların ixracında kəskin artım yaşanması da diqqət çəkir. Məsələn, 2022-ci ildə Azərbaycandan Rusiyaya cəmi beş ədəd elektrik mühərriki (gücü 37.5 Vt-dan çox olmayan) ixrac edilmişdisə, ötən il bu say 10 min ədədə yaxınlaşıb. Mineral və qazlı su ixracı baxımından da böyük artım var. 2023-cü ilin ilk 11 ayı ərzində Azərbaycan Rusiyaya 3.7 milyon dekalitr mineral və qazlı su göndərib. Bu, 2022-ci illə müqayisədə təxminən 10 dəfə artım deməkdir. 2022-ci ildə Azərbaycandan Rusiyaya cəmi 12 ədəd mikser, ətçəkən və şirəçəkən ixrac edildiyi halda, ötən il bu say 2 min 368-ə çatır. Deməli, Qərb şirkətlərinin Rusiya bazarından çıxması Azərbaycanda istehsal edilən bəzi məhsulların Rusiyaya ixracını artırıb.

Məsələni qəzetimizə şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artması təbii haldır: “Demək olar ki, MDB dövlətləri arasında Azərbaycanın bütün istiqamətlərdə ən yüksək səviyyədə əməkdaşlıq etdiyi ölkə Rusiyadır. Ona görə də iki ölkə arasında ticari əlaqələr hər il yüksələn xətt üzrə inkişaf edir. Bu istiqamətdə əlaqələr daha da genişlənəcək. Digər tərəfdən o da məlumdur ki, Rusiya Azərbaycan üçün qeyri-neft məhsullarının ixracı baxımından böyük bazar anlamını daşıyır. Yəni, qeyri-neft sektoru üzrə ixrac imkanlarımızın demək olar ki, böyük bir hissəsi Rusiya vasitəsilə gerçəkləşir. Təbii ki, Türkiyə və İranla da əlaqələrimiz mövcuddur. Amma burada Rusiyanın payı daha böyükdür. Düzdür, qərbin sanksiyalarından sonra Rusiyada vəziyyət bir qədər çətinləşib. Bütün çətinliklərə baxmayaraq, iki ölkə arasında əməkdaşlıq yüksələn xətt üzrə davam etdirilir”.

Son vaxtlar iki ölkə arasında qarşılıqlı hesablaşmalarda milli valyutaya daha çox üstünlük verilməsinə gəlincə, ekspert bildirib ki, hazırda Rusiyanın sanksiyalar altında olmasından dolayı bu ölkədə maliyyə sabitliyi ciddi böhran altındadır: “Bunun əksinə olaraq bu gün Azərbaycanda maliyyə sabitliyi hökm sürür, manatın məzənnəsi sabitdir. Nə qədər ki, neftin qiyməti yüksəkdir və yüksək olaraq qalacaq, bizdə manatın dəyəri dollara münasibətdə sabit qalmaqda davam edəcək. Bu mənada indiki məqamda iki ölkə arasında qarşılıqlı hesablaşmalarda milli valyutaya daha çox üstünlük verilməsi həm Azərbaycan, həm də Rusiya üçün sərfəlidir. Yəni, bu prosesdə həm biz, həm də Rusiya maraqlıdır. Bunun dolların dünyanın aparıcı valyutası rolunda olmasına təhlükə yaradacağı barədə fikirlər cəfəngiyatdır. Azərbaycanla Rusiya arasında ticari-iqtisadi münasibətlərin qarşılıqlı şəkildə hər iki ölkənin milli valyutalarından istifadə edilməklə həyata keçirilməsinin üçüncü bir tərəfə təzyiq, təsir imkanları yoxdur”.