Rusiya kəşfiyyatı Polşaya qarşı işləməyə razılıq verəcək adamları tapmaq cəhdlərini dayandırmır.
Hafta.az-ın yazdığına görə, bu barədə Polşanın xüsusi xidmət orqanlarının koordinatorunun müavini Stanislav Jarin Polşa radiosunda bildirib. Onun sözlərinə görə, Polşa xüsusi xidmət orqanları Varşavaya qarşı Rusiya kəşfiyyatı üçün işləməyə hazır olan insanları tapmaq üçün var qüvvəsi ilə çalışır.
Jarin bildirib ki, Ukraynaya gedən yük qatarlarını zərərsizləşdirməli olan casuslar şəbəkəsi ilə bağlı işdə 16 nəfərə qarşı ittiham irəli sürülüb.
Polşa əks-kəşfiyyatının son araşdırmalarına toxunan Jarin bildirib ki, Rusiya və ya Belarusla əməkdaşlıq edənlər diqqəti mühüm obyektlərin, o cümlədən hərbi hissələrin, dəmiryol xətlərinin və hava limanlarının müəyyənləşdirilməsinə yönəldirlər.
"Biz başa düşürük ki, bu, Polşa dövlətinin qarşıdakı aylarda və hətta illərdə üzləşəcəyi müəyyən daimi təhlükə elementidir", - o, sözünü yekunlaşdırıb.
Bundan əvvəl bildirilmişdi ki, Polşa xüsusi xidmət orqanları Rzeşovda “legioner xəstəliyi”nin yayılmasını və işıqforların dəmir yolunun işinə müdaxiləsini düşmən təxribatı kimi qiymətləndirmək üçün hələlik əsas görmür.
Xatırladaq ki, Rzeşovda "legioner xəstəliyi"nin yayılması nəticəsində ölənlərin sayı 11-ə yüksəlib, ümumilikdə 144 yoluxma faktı təsdiqlənib.