Rusiya Xarici İşlər və Ədliyyə nazirlikləri “Taliban”ın (Rusiyada qadağan olunmuş terror təşkilatı) qadağan olunmuşların siyahısından çıxarılmasını təklif edib. Təklif həmçinin, Rusiya prezidenti Vladimir Putinə çatdırılıb.
Hafta.az-ın yazdığına görə, Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bəyan edib ki, bu dəyişiklik Taliban hökumətinin tanınması üçün məcburidir.
Həmin gün Taliban-ın Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna (SPIEF) dəvət edildiyi öyrənilib. Kabulov forumda Əfqanıstanla əməkdaşlıq sahələrinin müzakirə olunacağını və onun ticarət imkanlarından istifadənin nəzərdə tutulduğunu açıqlayıb. “Ənənəvi olaraq, əfqanlar Rusiyada yüksək tələbat olan neft məhsulları və digər malların alınması üzrə əməkdaşlığı genişləndirməkdə davam etmək istəyirlər. lbəttə ki, gələcəkdə Əfqanıstanın tranzit imkanlarından istifadə etməklə daha geniş regionla ticarət dövriyyəsinin artırılmasından danışmaq mümkün olacaq”, - Z.Kabulov deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğulayıb ki, Taliban Əfqanıstanda əsl gücdür və buna görə də onların qadağan olunmuşların siyahısından çıxarılması lazımdır. Rusiya “Taliban”ın qadağan olunmuş statusunun ləğvi üçün Ali Məhkəmənin təsdiqini gözləyir. Vəkil Kaloy Axılqov isə bildirib ki, bu proses bir aydan iki aya qədər çəkə bilər.
Qeyd edək ki, Qazaxıstan 2023-cü ildə Taliban-ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarıb. Bu qərar Rusiya tərəfindən müsbət qarşılanıb və oxşar addımın atılmasının vacibliyi vurğulanıb.