Hazırda Rusiya universitetlərində 35 min afrikalı tələbə təhsil alır və bu rəqəmi daha da artırmaq üçün Moskva Afrika ölkələrinə ayırdığı kvotaları qaldıracaq.
Hafta.az-ın yazdığına görə, bu barədə prezident Vladimir Putin deyib. Rusiyanın aparıcı universitetləri Afrikada rus dilinin tədrisi, Rusiya təhsil standartlarının tətbiqi və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün qitə ölkələrində yeni filiallar və rus məktəbləri açmağı planlaşdırır.
Afrika təhsil müəssisələri ilə əməkdaşlığın Rusiya-Afrika Şəbəkəsi Universiteti çərçivəsində qurulduğunu bildirən Putin, “Afrikalı dostlarımıza təkcə ali təhsilin deyil, həm də ümumi və orta ixtisas təhsilinin inkişafında kömək göstərməyə davam edəcəyik. İndi Rusiya və Afrika milli təhsil proqramlarının sintezi əsasında partnyor məktəblər üçün metodiki materiallar hazırlanır” deyib.
Rusiyada təhsil alan afrikalı tələbələrin sayının getdikcə artdığını bildirən Putin qeyd edib ki, federal büdcədən onlar üçün ayrılan təhsil kvotası son 3 ildə 2,5 dəfə artıb və gələn il kvota 4700 nəfər olacaq.
28 Afrika ölkəsində məktəbəqədər, ibtidai və orta məktəblər üçün müəllim hazırlığı layihəsinin başladığını açıqlayan Putin, bu çərçivədə Rusiyada pedaqoji universitetlərə qəbul edilən afrikalı tələbələrin sayının artırılmasının planlaşdırıldığını bildirib.