Rusiya Dövlət Dumasına təqdim edilən yeni qanun layihəsində Rusiya vətəndaşlığını qəbul edən əcnəbilər üçün məcburi hərbi xidmət yaşının 50-yə qaldırılması nəzərdə tutulur.
Hafta.az-ın yazdığına görə, müvafiq sənəd Rusiya parlamentinin aşağı palatasının məlumat bazasında dərc edilib.
Mövcud qanuna görə, Rusiya vətəndaşlığını qəbul edənlər üçün məcburi hərbi xidmət yaşı 30 yaş müəyyən edilir.
Dumaya təqdim edilən bu təşəbbüsün xüsusi müharibə əsasında əhəmiyyət daşıdığı açıqlanıb. Qanun layihəsini təqdim edən tərəf iddia edir ki, Rusiya vətəndaşlığı üçün müraciət edən bəzi əcnəbilər şüurlu şəkildə hərbi xidmətin maksimum yaşına çatana qədər gözləyirlər və yalnız bundan sonra Rusiya vətəndaşı olurlar.
Sənəd layihəsində yer alan bəyanatda deyilir ki, təklif olunan qanun layihəsi bu problemləri çözəcək və ədaləti bərpa edəcək.
Yeni qanun layihəsinin ilk olaraq komissiyada müzakirəyə çıxarılması gözlənilir.
Bundan əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Ukraynada müharibədə iştirakdan imtina edən mühacirlərin vətəndaşlıqdan çıxarılmasını təklif etmişdi. Onun sözlərinə görə, digər vətəndaşlar kimi immiqrantlar da xüsusi hərbi əməliyyatda iştiraka məcbur edilməlidir.