Rusiyada əcnəbilərə “sadiqlik müqaviləsi” imzaladacaqlar

10:20 30.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Daxili İşlər Nazirliyi ölkəyə daxil olan əcnəbilərin “sadiqlik müqaviləsi” imzalamasını tələb edən qanun layihəsi hazırlayıb.

Hafta.az-ın TASS-a istinadən yazdığına görə, müqaviləni imzalayan əcnəbilər milli maraqların qorunması üçün ölkədə qoyulan qadağalara əməl etmə öhdəliyi daşıyacaqlar.

Məlumata görə, əcnəbilərin pozmayacağına dair öhdəlik götürmələri gözlənilən qadağalar arasında “Rusiya Federasiyasının dövlət siyasətinin gözdən salınması”, “ənənəvi ailə dəyərlərinin rədd edilməsi” və “sovet xalqının faşizm üzərində qələbəyə verdiyi töhfənin təhrif edilməsi” daxildir. Qanun layihəsinə əsasən, bu öhdəlikləri yerinə yetirməyən əcnəbilərin ölkəyə buraxılmasına icazə verilməyəcək.

Qanun layihəsi çərçivəsində əcnəbilərin Rusiyada olduqları müddətdə dövlət məmurlarının işinə mane olmamaları, Rusiyanın daxili və xarici siyasətini gözdən salmamaları gözlənilir.

“Evliliyin qadınla kişi arasında bir bağ olduğunu” inkar etmək və “homoseksuallığı təbliğ etmək” də qadağandır.

Qanun layihəsinin yaxın vaxtlarda Dumanın gündəliyinə çıxarılacağı gözlənilir.