Rusiyada əmək qabiliyyətli əhali qocalır

12:15 28.03.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada işçilərin orta yaşı 2024-cü ildə 42,5-ə yüksələrək yeni rekorda imza atıb.

Hafta.az-ın “Rosstat”a istinadən yazdığına görə, bu artım işçi qüvvəsində yaşlı nəsillərin payının davamlı artması ilə bağlıdır. O cümlədən, yaşı 55-dən yuxarı olan işçilərin ümumi məşğulluqda xüsusi çəkisi 18,2 faizə çatıb. Digər tərəfdən, 35 yaşa qədər olan işçilərin sayı son bir ildə 837 min nəfər azalıb.

RBC-nin xəbərinə görə, yaşlanan işçi qüvvəsi məşğul olanların sayında struktur dəyişikliyi demək olsa da, bu proses iş dünyasının da diqqətini çəkir. İnsan resursları platformasının hh.ru məlumatlarına görə, 51 və yuxarı yaşda olan namizədlərə iş təklifləri 95-106 faiz artıb. Bu yaş qrupuna ən çox məşğulluq təklif edən sahələr arasında idarəetmə, maliyyə, təhlükəsizlik və kənd təsərrüfatı önə çıxır.

İşçi qüvvəsinin qocalması ilə paralel olaraq, 2024-cü ildə orta həftəlik iş saatı bir qədər azalaraq 38 saat 12 dəqiqəyə enib. Ekspertlərin fikrincə, bu azalma daha çox frilanserlərin və qeydiyyatsız məşğulluğun artması ilə bağlıdır. Həmin il işçi qüvvəsində məhsuldarlıq 30 faiz artıb.

Digər tərəfdən, qeydiyyatsız məşğulluqda pandemiyadan əvvəlki səviyyələrə qayıdış müşahidə olunub. 2024-cü ildə qeydiyyatdan keçməyən işçilərin sayı 15,2 milyon nəfərə çatıb ki, bu da ümumi məşğulluğun 20,5 faizini təşkil edir. Bu artımın böyük hissəsi fərdi sahibkarlar, frilanserlər və kiçik biznesdə çalışanların payına düşüb. Ekspertlər iqtisadi qeyri-müəyyənlik və işəgötürənlərin maliyyə təzyiqləri səbəbindən formal məşğulluq əvəzinə çevik həll yollarına üz tutduqlarını bildirirlər.