Rusiya Sovet İttifaqından sonra ən böyük qızıl filizi yatağını kəşf edib.
Hafta.az-ın yazdığına görə, Çukotka ərazisində yerləşən Sovinoye qızıl mədənində 100 tondan çox qızıl ehtiyatı var.
“Atomredmetzoloto” şirkətindən verilən açıqlamada bunun 1991-ci ildən sonra ölkədə açılan ən böyük qızıl mədəni olduğu bildirilib. “Rosatom” qızıl filizlərinin çıxarılması və emalı üçün bu yatağa 1 milyard rubldan çox sərmayə qoyub.
Layihə qızıl filizlərinin hasilatı və emalı, eləcə də lehimli qızıl külçələrinin istehsalı üzrə sənaye kompleksinin yaradılmasını nəzərdə tutur.
Şirkətdən bildirilib ki, qazma işləri il boyu daimi donmuş şəraitdə aparılıb. Cəmi üç il ərzində ümumi uzunluğu 32 kilometrdən çox olan 123 quyu qazılıb. Hazırda bütün kəşfiyyat, topoqrafik-geodeziya, geoloji-geokimyəvi və geofiziki tədqiqatlar başa çatıb.
Sözügedən mədəndə illik qızıl hasilatının 2029-cu ilə qədər ən azı 3 tona çatdırılması hədəflənir.