Rusiyadan Hindistana neft nəqli dayandı

09:00 28.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanla Çin arasındakı gərginlik Rusiyanın Hindistana neft nəqlinə mənfi təsir göstərir.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, Rusiya neftinin Hindistana çatdırılmasının ödəniş problemi səbəbindən dayandığı bildirilib. Məlumata görə, Rusiya neftinin tədarükünə dair illik müqavilə imzalayan Hindistan dövlət şirkəti Indian Oil Corp pulu ödəyə bilmir.

Oktyabrda “Bloomberg” yüksək rütbəli Hindistan rəsmisinə istinadən xəbər vermişdi ki, onlar Dehli ilə Pekin arasında gərginliyin artması fonunda neftin pulunu yuanla ödəmək üçün Rusiyanın tələblərini rədd etməyə başlayıb.

Hindistan şirkətinin və “Rosneft”in nümayəndələri iddialara münasibət bildirməyiblər.

Deyilir ki, Hindistan hökuməti onlara Çin yuanından istifadə etməyəcəyini bildirdikdən sonra Hindistan şirkətləri Rusiya ilə ödənişlərini Birləşmiş Ərəb Əmirlikləri dirhəmi ilə həyata keçirməyə başlayıb.

Lakin Hindistanın dövlət şirkəti Indian Oil Corp hələ də BƏƏ bankında hesab aça bilməyib.

Dekabrın 21-də “Bloomberg” agentliyi Sokol xam neftini daşıyan 6 rus tankerinin Hindistana gedərkən dayandırıldığını bildirib. Gəmilər Hindistanın Paradip və Vadinar limanlarına doğru gedirdi. Onlar təxminən 5 milyon barel Rusiya neftini daşıyırlar.

Dekabrın 20-də “Transneft”in prezidenti Nikolay Tokaryev 2023-cü ilin sonuna kimi Hindistana 70 milyon ton Rusiya neftinin tədarük ediləcəyini bəyanlayıb.

Sanksiyalar səbəbindən Rusiya endirimlə satdığı təbii qaz, eləcə də xam neft və neft məhsulları üçün ödənişlərin yığılmasında çətinliklərlə üzləşir.