İki ölkə arasında müttəfiqlik bəyannaməsinin imzalanmasına baxmayaraq zaman-zaman Rusiya ərazisində Azərbaycanın müstəqilliyi və suıverenliyini təhdid edən addımların atıldığına şahidlik edirik. Xüsusilə də, bu addımlar ölkəmizdə separatizmi körükləyərək birbaşa daxili qarşıdurma yaratmaq və daxili birliüimizi pozmağa hesablanan addımlardır.
Həftənin əvvəlində Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) növbəti dəfə etiraz notası göndərib. Nota cari ilin 7 avqust tarixində Yekaterinburq şəhərində qondarma “talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbirlə bağlıdır.
Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı təşkil olunan bu tədbirlə əlaqədar səfirlik tərəfindən Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası ünvanlanıbş və Səfir Polad Bülbüloğlu Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevə Azərbaycanın prinsipial mövqeyini və qəti etirazını əks etdirən məktub göndərib. Həmçinin, Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski şəhərin müvafiq inzibati orqanlarına müraciətlər ünvanlayıb.
Rusiya tərəfinə bu kimi təxribat xarakterli tədbirin təşkilinin və burada Yekaterinburq şəhər dumasının sədri İqor Volodinin qonaq qismində iştirakının qəbuledilməz olduğu bildirilib, ölkənin hakim partiyasının təmsilçisinin bu addımının separatçılığı təşviq etdiyi, Azərbaycan-Rusiya qarşılıqlı müttəfiqlik əlaqələrinin mahiyyətinə kökündən cavab vermədiyi, habelə ikitərəfli əməkdaşlığa zərbə vurduğu diqqətə çatdırılıb.
Qarşı tərəfdən İqor Volodin və tədbirin təşkilatçıları ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi, gələcəkdə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı atıla biləcək bu cür provokasiya addımlarının qarşısının qətiyyətlə alınması təkidlə xahiş olunub.
Məlum olaydan sonra Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş tədbirdə iştirak edən Yekaterinburq Şəhər Dumasının sədri İqor Volodin qalmaqalı ilə bağlı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya üzrxahlıq edib.
Regionun informasiya siyasəti departamentinin məlumatına görə, Kuyvaşev məsələnin həll olunacağına ümid etdiyini bildirib. Kütləvi informasiya vasitələrinin məlumatına görə, bu qalmaqaldan sonra Volodin şəhər dumasının yeni çağırışında spiker olmayacaq.
Lakin məsələ tək bir üzrxahlıqla bitmir. Hər kəsə aydındır ki, bu cür hadisələr və ya tədbirlərin keçirilməsi üçün müəyyən zaman və müvafiq qurumların razılığını almaq tələb edilir. Bu müddətdə Rusiyanın mərkəzi hakimiyyətinin Azərbaycan əleyhinə təxribatların qarşısını almaq və ya müvafiq addımlar atmaq üçün kifayət qədər vaxtı olub. Bütün bunlara baxmayaraq, «tədbir»in baş tutması və orada hakim partiyanın nümayəndəsinin iştirakı açıq suallar yaradır. Bəs yaşanan olaya Azərbaycanın ictimai-siyasi kəsiminin münasibəti necədir?
“Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı çevrilmiş "Talış-Muğan Respublikası" mövzusunun yenidən aktuallaşdırılması Azərbaycana xoş olmayan münasibətin göstəricisidir. Bu, birbaşa Azərbaycan-Rusiya münasibətlərinə qarşı çevrilib”. Bunu hafta.az-a siyasi ekspert Aydın Quliyev bildirib.
A.Quliyev “Talış-Muğan Respublikası” mövzusunun ortaya atılmasının Azərbaycanın dövlət mənafelərnə, milli təhlükəsziliyinə və ərazi bütövlüyü prinsiplərinə zidd olduğunu deyib:
“Bu, ölkəmizdə yaşayan müxtəif xalqlar və millətlər arasında yaranmış həmrəylik və harmoniyanı hədəfləyib, Azərbaycanın daxilində etnik qarşıdurma yaratmaq kimi düşmənçilik niyyətindən xəbər verir”.
A.Quliyev bildirir ki, 20-25 il əvvəl Azərbaycanın bəlli bir bölgəsində yaşayan sadə insanların - talış xalqının iradəsinə əks olaraq, bir qrup separatçının ortalığa atdığı və darmadağın edilərək tarixin zibilliyinə atılmış bir hərəkatın xatirəsinin yenidən dirçəldilməsi Yekaterinburq şəhərinin timsalında olduqca pis bir nümunədir və eyni zamanda, dövlətlərin strateji tərəfdaşıq münasibətlərini tənzimləyən 2022-ci il sazişinin ruhuna ziddir. Bu tədbirdə Yekaterinburq Şəhər Hakimiyyətinin müxtəlif rəhbər şəxslərinin də iştirak etməsi bağışlanmaz haldır. Ekspert hesab edir ki, Rusiyanın hakimiyyət orqanları bundan lazımi nəticə çıxartmalıdırlar. Azərbaycanın Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı notasına ciddi yanaşılmalı və qısa zamanda buna cavab verilməlidir.
Ekspert qeyd edir ki, Azərbaycan Rusiyanın müxtəlif regionları, şəhərləri arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün daim çalışır, müxtəlif humanitar layihələr həyata keçirir. Bunun qarşılığında Rusiyanın bəzi bölgələrindən xeyirxah jestlərin şahidi olsaq da, Yekaterinburq vilayətinin rəhbərliyi tərəfindən xoş olmayan və Azərbaycann dosluq münasibətlərinə analoji olmayan davranışlarını da gördük.
“Bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycanla Rusiya arasına strateji tərəfdaşlıqla bağlı 2022-ci ildə imzalanmış sənəd var və həmin sənədin əsas tələblərindən biri ondan ibarətdir ki, hər iki ölkə öz daxilində bir-birinə qarşı çevrilmiş separatçı addımların, cəhdlərin qarşısı almalı, heç bir ölkə öz ərazilərində müttəfiqinə qarşı separatçı addımlara rəvac verməməli, buna şərait yaratmamalıdır. Eləcə də tərəflər bir-birinin milli maraqlarına uyğun olaraq informasiya təhlükəsziliyi sahəsində əməkdaşlıq öhdəliyi götürüblər. Amma Rusiyanın regional və yerli hakimiyyət orqanları yaxın tarixdə bizə qarşı cinayət törətmiş şəxsləri Azərbaycana təhvil vermək əvəzinə, ərazisində onlara sığınacaq verib fəaliyyətlərinə davam etmələri üçün imkan yaradıblar. Ona görə də bu hadisə Azərbaycanda haqlı narazılığa səbəb olub və Azərbaycan cəmiyyəti və siyasi ekspert dairələri bunu ciddi şəkildə ittiham edir”.
“Vaxtilə “Talış-Muğan Respublikası” adı altında Əlikram Hümbətovun yaratmaq istədiyi qurum talış xalqının özü tərəfindən yerlə-yeksan edildi, belə separatçı hərəkətlərə izin verilmədi. Talış xalqı ilə Azərbaycan türkləri arasında dərin qohumluq ənənələri, onları birləşdirən ciddi mənəvi tellər mövcuddur”. Bunu isə politoloq Qabil Hüseynli Rusiyada “Talış-Muğan Respublikası”nın yaranmasının 30 illiyi”nə həsr olunan tədbirə bağlı açıqlamasında bildirib.
Q.Hüseynli qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında bağlanan strateji müttəfiqlik müqaviləsində göstərilir ki, tərəflər öz ərazilərində separatçılığa qarşı birgə mübarizə aparacaq və bu hərəkətlərin baş tutmasına imkan verməyəcəklər. Görünür ki, talışlar arasında etnik ayrılıq duyğularını körükləyən, bu hissləri qızışdırmaq istəyən adamlar məhz Rusiyadan çıxır.
“Əvvəla, Azərbaycan türkü ilə Azərbaycan talışı Azərbaycan Dövlətində iç-içə yaşayırlar. Talışların çox yaşadığı hansı rayonu götürsək, Azərbaycan türkü ilə talışlar arasındakı say nisbəti bərabər olar. Üstəlik, talışlarla Azərbaycan türkləri arasında bir mənəvi qohumluq bağları var. Biz talış xalqının gözəl qızları ilə evlənən Azərbaycan türklərinin saysız-hesabsız nümunələrini göstərə bilərik. Eynilə də talış oğulları ilə evlənmiş Azərbaycan qızlarının gözəl həyatından misallar gətirə bilərik. Bu xalqlar qohumlaşmış xalqlardır. Bu iki xalq arasında ciddi kirvəlik, dostluq əlaqələri və insanı bir-birinə yaxınlaşdıran digər mənəvi bağlar, tellər vadır. Ona görə də kiminsə çıxıb bu xalqları bir-birindən ayırmaq cəhdləri əbəsdir. Onlar bir can, bir ürəkdir. Rusiyada hər hansı birinin, yaxud ermənilərin ötürməsi ilə separatizmi körükləməyə çalışan adamların səyləri həmişə boşa çıxıb və boşa çıxmaqda da davam edəcək. Çünki talışlara Azərbaycan türkündən, Azərbaycan türkünə də talışlardan yaxın, doğma ikinci bir xalq yoxdur. Biz eyni adamıq, heç kəs aramıza girə bilməz”.
“Talış-Muğan Respublikası” təxribatının Rusiyada yenidən canlandırılması Azərbaycana kobud təzyiq məqsədi daşıyır. Hesab edirəm, bu, Yekaterinburq hakimiyyətinin özbaşınalığı deyil, bütovlükdə Rusiya hakimiyyətinin Azərbaycana münasibətdə siyasətinin regional təzahürüdür”.
Bunu hafta.az-a BDU-nun baş müəlllimi, hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Q.Əlibəyli postsovet ölkələrdə etnik separatizmin Rusiya hakimiyyəti tərəfindən qızışdırıldığının heç kimə sirr olmadığını önə çəkib.
“Azərbaycanda ləzgi və talış separatizmi də Rusiya tərəfindən qızışdırılıb və dəstəklənib. Bu gün də Rusiya Xankəndidə erməni separatizmini bütün vasitələrlə, o cümlədən hərbi yolla daha da qızışdırır və onlarından istifadə edərək regionda hərbi iştirakını saxlamaq və daha da genişləndirmək istəyir.
Yekaterinburqda qondarma “Talış-Muğan Respublikası”nın yaradılmasının 30 illiyi münasibətilə təşkil olunan tədbirdə Rusiyanın hakim partiyasının təmsilçisi olan Şəhər Duması sədrinin qonaq qismində iştirakı, bir növ, Azərbaycan hakimiyyətinə mesaj kimi qiymətləndirilməlidir. Rusiya istəsə tək erməni separatizmini müdafiə etməklə kifayətlənməz, Azərbaycanda yeni-yeni separatizm ocaqlarını da alovlandıra bilər”.
Q.Əlibəyli hesab edir ki, separatçılığı təşviq edən bu cür addımlar Azərbaycan-Rusiya qarşılıqlı müttəfiqlik münasibətlərinə ciddi zərər vurur. O, eyni zamanda belə hərəkətlərin Azərbaycanda etnik separatizmin yenidən dirçəldilməsinə səbəb olacağını güman etmədiyini deyib: “44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycanda etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs erməni separatizminə qarşıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin olunması üçün canından keçməyə hazırdır”.
“İllərdir, erməni separatizminə dəstək verən Rusiyanın müəyyən dairələri iki ölkə arasındakı münasibətlərə ciddi zərbə vurmaq üçün kifayət qədər çalışıb və bu istiqamətdə real addımlar atıblar. Bu gün də həmin çalışmalar davam edir”. Bunu isə Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
R.Hüseynov bildirir ki, Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfərdən sonra aparılan bu çirkin oyunlar dünya ictimaiyyətinə, umumilikdə bəşəriyyətə tam aydın oldu və o siyasi cərəyanın təsiretmə mexanizmi minumuma endirildi: “Rusiyanın bəzi dairələri ciddi-cəhdlə Azərbaycan-Rusiya münasibətlərinə, rəsmi müttəfiqlik münasibətlərinə kölgə salmaq üçün qeyri-rəsmi müstəvidə çalışır. Dövlət olaraq bu proseslərin arxasında olmadığını göstərməyə, yaxud gizlətməyə çalışır. Amma siyasi dairələr bu cür manipulyativ addımların hardan qaynaqlandığını çox gözəl bilirlər”
R.Hüseynov hesab edir ki, qondarma respublika iddiası heç bir zaman ölkə daxilində ciddiyə alınmayan, təsir imkanları sıfara bərabər xəyanətkar təfəkkürdən formalaşıb və heç bir siyasi dəstək qazanmayıb: “Öz dövlətinə xəyanət etmək, öz ailəsinə nəslinə, kökünə xəyanət etməkdir. Cənub zonası həmişə bu prinsiplərlə yaşayıb, öz xalqına dövlətinə sadiqliyini göstərib. Kimlərsə buna cəhd edə bilər, amma heç biri alınmayacaq”. O, həm də cənub bölgəsinin bir nümayəndəsi olaraq bəyan edib ki, belə bir istəkdə olanlar öz şəhidlərinə hörmətsuzlik edir və buna görə bağışlanmayacaqlar.