Rusiyanın dəyişən miqrant siyasəti

14:10 07.10.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın miqrantlarla bagli qaydaları sərtləsdirdiyi barədə yayılan məlumatlar birmənalı qarşılanmır. Hər şeydən əvvəl məsələ Rusiyada yaşayan soydaslarımız üçün ciddi problemlərin yaşanacağı ilə bağlı ehtimalları gündəmə gətirib. Eləcə də miqrantların fəaliyyətinə qoyulan məhdudiyyətlərin heç də ölkənin iqtisadi potensialına təsirsiz ötüşməyəcəyi vurğulanır. 

Qeyd edək ki, Rusiyada qüvvəyə minən yeni qanuna görə, ölkədə işləyən bütün miqrantların hüquqları bundan sonra yerli vətəndaşlarla nikaha daxil olmaq, nəqliyyat vasitələrini idarə etmək, sürücülük vəsiqəsi almaq, bank hesabı açmaq, əmlakı öz adına qeydiyyatdan keçirmək, yaşayış yerini dəyişmək, Rusiya Federasiyası subyektinin ərazisindən kənara çıxmaq, daşınmaz əmlak və nəqliyyat vasitələri almaq, fərdi sahibkar olmaq, kredit götürmək, pul köçürmələri həyata keçirmək və s. qadağalarla məhdudlaşdırılır. Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəsmi məlumatına əsasən, son bir ildə 2 milyondan çox xarici vətəndaş Rusiyanı tərk edib. Hazırda Rusiyada miqrasiya qeydiyyatı üzrə dövlət informasiya sistemində məlumatları olan əcnəbi vətəndaşların sayı isə 6 milyon 174 min 777 nəfərdir. 2023-cü ildə isə Rusiyada miqrasiya üçün 8,5 milyondan çox insan qeydiyyatdan keçib. Beləliklə, 2 milyondan artıq miqrant ölkəni tərk edib və yaxın zamanda bu rəqəmin xeyli artacağı gözlənilir. Yaranmış vəziyyət Rusiyada yaşayan miqrantlara çətinliklər yaratmaqla yanaşı, bu dövlətin iqtisadi, siyasi ponaraması üçün də yaxşı vədlər vermir. Nə baş verir?

Politoloq Rəşad Bayramov “Həftə içi”nə bildirib ki, Rusiya uzun müddətdir ki, miqrantlarla bağlı qanunun sərtləşdirilməsi istiqamətində müvafiq addımlar atır. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin ölkə iqtisadiyyatına mənfi təsiri, bir çox sahələr üzrə iş yerlərinin bağlanması və yerli əhalinin iş yerlərində kütləvi ixtisarları tədricən qanunun daha da sərtləşdirilməsinə gətirib çıxardı.

Politoloq hesab edir ki, bu məhdudiyyət və sərtləşdirmə ilə bağlı atılan addımlar istənilən halda miqrantların vəziyyətinə mənfi təsir göstərəcək: 

“Əvvəla, Rusiyada yaşayan soxlu sayda miqrantların iş yerlərini itirməsi baş verəcək. Eləcə də “xarici vətəndaşların statusu haqqında” qanuna dəyişiklik əmək müqavilələrinin müddətinə birbaşa təsir edəcək. Əgər indiyə qədər xarici vətəndaşlarla müddətli və müddətsiz əmək müqavilələri bağlanırdısa, indiki qanunda əmək müqavilələrinin müddətsiz bağlanması ilə bağlı məsələ əksini tapıb. Əmək müqavilələrinin müddəti isə ən yüksək halda 2 il göstərilib. Bu da miqrantlarla bağlanmış əmək müqavilələrinə istənilən vaxt xitam verilə biləcəyi məsələsini aktuallaşdırır. Başqa tərəfdən isə yeni qanunda ixtisas uyğunluğu məsələsi də var. Bu da o deməkdir ki, ixtisasına uyğun gəlməyən işlərdə çalışan miqrantlar faktiki olaraq fəaliyyətlərini dayandırmalı olacaqlar. Digər vacib məsələlərdən biri iş icazəsi alanların cəmi bir ay ərzində rus dili, Rusiya tarixi, qanunvericiliyi ilə bağlı imtahan verməsini nəzərdə tutur. Bu, əvvəllər də var idi, amma indi daha da sərtləşdirilib. Hətta indiyə qədər hansısa yollarla bu imtahanları keçən, pul verib xüsusi icazəni alan şəxslər də problemlərlə üzləşəcəklər. Qanunun özündə əyri yollarla imtandan keçmiş  və onları keçirən şəxslər üçün də məsuliyyət nəzərdə tutulur. Bundan başqa, məhkəmə qərarı olmadan miqrantların ölkədən çıxarılmasına imkan verən qanun da təsdiqlənib. Yəni indiyə qədər qeydiyyat müddəti bitən, müvafiq olaraq haradasa qeydiyyatda olmayan sərhəd buraxılış məntəqələrindən keçid qaydalarını pozan və yaxud Rusiyaya səfərin məqsədlərindən kənar fəaliyyət göstərən insanlar aşkar olunurdusa bunlarla bağlı qərar mütləq şəkildə məhkəmə vasitəsi ilə qəbul edilir, sonra deportasiya olunurdular. İndi  bu cür şəxslərin məhkəmə qərarı olmadan birbaşa deportasiyası nəzərədə tutlub ki, bu da Rusiya Daxili İşlər Nazirliyinə tapşırılıb. 

Digər bir məsələ pul köçürülmələrin miqdarı ilə bağlı konkret hədlərin nəzərdə tutulmasıdır. Təcili, ehtiyacdan yaranan pul köçürmələri istisna olmaqla miqrantlara bank əməliyyatları ilə bağlı bəzi məhdudiyyətlər də nəzərdə tutulub.  Bütün bunlar onu deməyə əsas verir ki, ortada problemlər olacaq və miqrantlarin böyük hissəsi Rusiyanı tərk edəcəklər”. 

R.Bayramov bununla yanaşı, bütün miqrantların öz ölkələrinə qayıdacağını istisna edib. O, bunu Rusiyada qanunun sərtləşməsindən sonra indiyə qədər böyük bir köçün şahidi olmaması ilə əlaqələndirib. Politoloq Rusiyadakı soydaşlarımızın Orta Asiyaya, Qazaxısatana və digər ölkələr getməyə üstünlük verdiyini qeyd edib. Onun fikrincə, bu mərhələdə də oxşar situasiya olacaq.

“İstənilən halda bu, Rusiyanın miqrantlarla bağlı əmək bazarında müəyyən dəyişikliklər yaradacaq. Bunun Rusiyanın xaricdə əməkdaşlıq etdiyi ölkələrə də təsir göstərəcəyini düşünmürəm. Rusiya məcburiyyət qarşısında bu addımı atır. İndiyə qədər Rusiyanın miqrantlara böyük ehtiyacı var idi. Amma miqrantlarla bağlı cinayət hallarının çoxalması, yerli əhalinin regionlarda kütləvi şəkildə işlərini itirməsi, ucuz işçi qüvvəsi olan miqrantların işlə təmin olunması fonunda gələcəkdə yerli əhali ilə miqrantlar arasında gərginlik yarada bilərdi. Bizim soydaşlarımız əsasən ticarətlə məşğul olduğu üçün bu prosesin bizə böyük ölçüdə təsir göstərəcəyini düşünmürəm. İqtisadi cəhətdən çətin durumda olan Rusiya son vaxtlar başağrısına çevrilən miqrantlarla bağlı belə bir ölçü götürməli idi”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, Rusiya-Ukrayna müharibəsinin getdiyi və Rusiya ərazisində çoxsaylı terror aktlarının baş verdiyi şəraitdə miqrantların fəaliyyəti ilə bağlı qanunda məhdudlaşmanın aparılması gözlənilən idi. Onun sözlərinə görə, böyük ehtimalla qəbul edilən bu qanun dövlətin təhlükəsizliyi ilə bağlıdır.

“Rusiya-Ukrayna müharibəsinin nə zaman başa çatacağı bəlli deyil. Ona görə də qanunun sırf miqrantları müharibəyə cəlb etmək üçün qəbul edildiyini birmənalı söyləmək olmaz. Lakin Avropa ilə müqayisə etsək, Rusiyada miqrantlara qarşı məhdudlaşdırıcı qanunun qəbulu insanların hüquqlarının müəyyən qədər pozulmasına gətirib çıxarır. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Konvensiyasında insanların sərbəst hərəkət etmək, yerdəyişmək hüququ tanınır. Bu, təkcə ölkə daxilinə aid deyil, insanlar Yer kürəsində sərbəst hərəkət etmək imkanına malik olmalıdırlar. Eyni zamanda insanlar yaşadıqları ölkənin qanunlarına uyğunlaşmalıdırlar. Dövlət dilini bilmək, qeydiyyatdan keçmək vacibdir. Yerdəyişmə olarsa, müvafiq xidmətləri məlumatlandırmaq lazımdır”.

Hüquqşünas Vüqar Dadaşov bildirir ki, Rusiya Daxili İşlər Nazirliyinin yaydığı son məlumata əsasən Rusiya üç il ərzində 14 min əcnəbiyə miqrant statusu verməkdən imtina edib. O, qeyd edib ki, hələ bir neçə il bundan əvvəl Rusiya miqrantların ölkəyə qəbulu ilə bağlı şərtləri sərtləşdirib. Həmin şərtlərə rus dili bilgisi,  tarixi, peşə bacarığı əsas tələblərlə bağlıdir.

“Əslində, Rusiya miqrantlarla bağlı  keçmiş Sovet respublikalarından olan vətəndaşlara həmişə üstünlük verib. Rusiyanın  miqrantlara bağlı sərt qərarları birmənalı olaraq milli təhlükəsizliklə bağlıdır. Moskvada son terror aktında Orta Asiya vətəndaşlarının təşkilatçılığı Rusiyanı qəti addım atmağa məcbur edib. Hətta Tacikistan miqrantlarına qarşı Rusiyanın davranışlarına görə rəsmi nota da vermişdi.

Hal-hazırda Rusiyanın Ukraynada apardığı müharibə ilə əlaqədar həm iş yerlərində və həm də orduda miqrantlara ehtiyac olduğu halda 14 min miqrantın qeydiyyatına imtina edilməsi təbii ki, ancaq təhlükəsizlik məsələsi ilə bağlı ola bilər. Digər vacib məsələ də odur ki, imtina olunan miqrantların içində Çindən və Orta Asiyadan olanlar çoxluq təşkil edir”.

V.Dadaşov hesab edir ki, miqrantlardan imtinanın Rusiya iqtisadiyyatına  təsiri olmayacaq. Çünki həmin miqrantların yerini digər keçmiş sovet respublikaları vətəndaşları, eləcə də Abxaziya və Cənubi Osetiya vətəndaşları doldura bilər. Məsələyə siyasi aspekdən yanaşanda isə ekspert bunun Rusiyaya qarşı heç bir halda irad, yaxud təzyiq yaradacağını istisna edib. “Çünki bu, Rusiyanın daxili işidir”, - deyə hüquqşünas bildirib.