2024-cü ilin yanvarında Rusiyanın xarici ticarət həcmi azalaraq 48,7 milyard dollar təşkil edib.
Hafta.az-ın “Kommersant” qəzetinə istinadən yazdığına görə, Rusiya Federal Gömrük Xidmətinin (FTS) məlumatlarında qeyd edilib ki, ilin ilk ayında ixrac 14,2 faiz azalaraq 28,7 milyard dollar, idxal isə 10,6faiz azalaraq 20 milyard dollar olub.
FTS statistikasına görə, ticarət həcminin 74 faizi Asiya regionu ölkələri ilə həyata keçirilib.
Rusiya əsas mineral məhsullar ixrac edib ki, bu da ilin əvvəlinə ümumi tədarükün 61,2 faizini təşkil edib. Bundan əlavə, ixracın 14,8 faizi ərzaq məhsulları və xammal, 6,2 faizi kimya sənayesi məhsulları, 4,5 faizi maşın, avadanlıq və digər məmulatların, 2,4 faizi isə ağac materialları, sellüloza və kağızın payına düşür.
Həmin dövrdə idxal olunan məhsulların 50,2 faizini maşın və avadanlıqlar, 19,5 faizini kimya sənayesi məhsulları, 13 faizini qida məhsulları və xammal, 7,6 faizini ayaqqabı və toxuculuq məhsulları, 6,4 faizini metal və metal məmulatları, 1,7 faizi isə mineral məmulatlar təşkil edib.