Rusiyanın xarici borcu 2022-ci ilin ikinci rübündən bəri ilk dəfə oktyabr-dekabr ayları arasında artıb.
Hafta.az-ın “Moskovskiy Komsomolets” qəzetinə istinadən yazdığına görə, xarici borc 1,3 faiz artaraq 326,6 milyard dollar təşkil edib.
Mərkəzi Bankın açıqladığı məlumatlara görə, Rusiyanın xarici borcu hər üç komponent üzrə artıb: dövlətin xarici borcu, şirkətlərin əcnəbilər qarşısında öhdəlikləri və bank sektorunun xarici borcu.
Təxminən 300 milyard dollar borc şirkətin öhdəlikləri və bank sektorunun borclarından ibarətdir. Yəni birbaşa dövlət borcu aşağıdır. Ancaq borclu şirkətlərin əksəriyyətində dövlətin payı olan ortaqlıq strukturu var.
Qəzetə danışan ekspertlər Rusiyanın xarici borc vəziyyətini sanksiyalar və dondurulmuş aktivlər səbəbindən “mürəkkəb” adlandırırlar.
İqtisadçılara görə, xarici borcun ümumi milli məhsula nisbəti 20 faizdən aşağı olduğu üçün narahatlığa əsas yoxdur. Rusiyada bu göstərici 17,2 faiz olduğu halda, avro zonasında 90 faiz, ABŞ-da isə 120 faizdir.
Bununla belə, Elmlər Akademiyasından İqor Nikolayev bu fikirdədir ki, Rusiya iqtisadiyyatı 2024-cü ildə əyləci basarsa, xarici borclara xidmət problemə çevrilə bilər. Çünki Rusiya büdcəsinin ən azı 2027-ci ilə qədər kəsirinin davam edəcəyi gözlənilir.