Rusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi VTSIOM-un keçirdiyi son sorğunun nəticələrinə görə, rusların əksəriyyətinin başqa millətlərin nümayəndələrinə qarşı mənfi hissləri yoxdur.
Hafta.az-ın yazdığına görə, VtSIOM-un Siyasi Araşdırmalar Departamentinin rəhbəri Mixail Mamonov Sosial Tədqiqatlar üzrə Ekspert İnstitutunun (EISI) təşkil etdiyi görüşdə iyul ayında 1,6 min yetkin Rusiya vətəndaşı ilə aparılan sorğunun nəticələrini açıqlayıb.
Nəticələrə əsasən, respondentlərin 45 faizi digər millətlərin nümayəndələrinə və başqa ölkədən olan insanlara qarşı “tamamilə” mənfi hisslərin olmadığını, 36 faizi isə “böyük dərəcədə” mənfi hisslərin olmadığını bildirib.
Sorğu iştirakçılarının 79 faizi müxtəlif millətlərdən olan insanlar arasındakı münasibətləri “mehriban, sakit və münaqişəsiz” kimi qiymətləndirib.
Mamonov, "sorğunun nəticələri göstərir ki, Rusiyanın çoxmillətli quruluşunun ölkəni daha güclü etdiyini düşünənlərin nisbəti" yüzdə 60-dır. Bunun əksinə, yalnız 7 faiz bu strukturun mənfi təsirləri olduğunu düşünür.
Bununla belə, Mamonov Rusiya xalqının daha sərt immiqrasiya siyasəti tələb etdiyinə inandığını bildirib. Sosioloq qeyd edib ki, hazırda beynəlxalq münasibətlərdə gərginlik indeksi 20 faizə yaxındır.
Dəyirmi masada iştirak edən digər ekspertlər də ölkədə milli dialoqun səviyyəsini “yüksək” kimi qiymətləndiriblər.
Siyasətçi Vladimir Şapovalov vurğulayıb ki, Rusiyanın tarix boyu çoxmillətli quruluşu milli birlik və müxtəlifliyin sübutudur.
Politoloq, Xalq Palatasının üzvü Aleksandr Asəfov bildirib ki, Rusiyaya qarşı geosiyasi hücumlar artmaqdadır. Bu, dövlət və vətəndaş cəmiyyətinin sistemli reaksiyasını tələb edir. Asəfov mətbuatın neqativ hallara diqqət yetirməsinin ictimai rəyi formalaşdırdığını və ümumiyyətlə neqativ xəbərlərin diqqəti cəlb etdiyini bildirib.
Ümumilikdə ekspertlər Rusiyada milli dialoqun güclü olduğunu və mühacirlərə qarşı tolerantlığın yüksək səviyyədə olduğunu, lakin immiqrasiya siyasətinin sərtləşdirilməsinə ehtiyac olduğunu vurğulayıblar. Kütləvi informasiya vasitələrinin ictimai qavrayışa təsiri diqqətlə həll edilməli olan məsələ kimi önə çıxdı.
Ötən həftə Rusiya Daxili İşlər Nazirliyi ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi məqsədilə mühacirlərin deportasiyası ilə bağlı yeni hüquqi tənzimləmələr hazırlayıb. Bu çərçivədə ölkədə mühacirlərin törətdiyi cinayətlərin artdığı bildirilir.