Rusların 66 faizi çarşabın qadağan olunmasını istəyir

09:56 22.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada aparılan sorğunun nəticələrinə görə, rusların 66 faizi ictimai yerlərdə hicab taxmağın qadağan edilməsini dəstəkləyir.

Hafta.az-ın “Vedomosti”yə istinadən yazdığına görə, hicab qadağasını dəstəkləyənlər arasında kişilər qadınlardan daha çoxdur.

Sorğuda iştirak edənlərin 23 faizi hicab taxmağın qadağan edilməsini dəstəkləmir, 10 faizi cavab verməkdə çətinlik çəkib, 1 faizi isə suala cavab verməkdən imtina edib.

Gənclər (18-29 yaş) arasında hicab qadağasına dəstək yaşlı yaş qrupuna nisbətən daha azdır. Qadağaya qarşı olan gənclərin nisbəti 36 faiz olduğu halda, gənclərin 49 faizi bunu dəstəkləyib.

Yaşı 60-dan yuxarı olan respondentlərin 74 faizi çarşab taxmağın qadağan edilməsini dəstəklədiyi halda, 45-59 yaş qrupunda olan rusiyalıların 72 faizi qadağaya dəstək verib.

30-44 yaş arasında olan iştirakçıların 64 faizi çarşab qadağasını təsdiqləyib.

Bütün yaş qrupları üzrə iştirakçılar arasında kişilərin 72 faizi, qadınların isə 28 faizi “mən mütləq dəstəkləyirəm” cavabını verib. “Mən dəstək verməyə üstünlük verirəm” variantına kişilərin 61 faizi, qadınların isə 39 faizi üstünlük verib.

Mayın sonunda çarşab taxmağın qadağan edilməsi ilə bağlı müzakirələr başlayıb.

İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyevin sözlərinə görə, örtük “kişilərə gizlənmək, qadınlara isə bu boş paltarların arxasında qadağan olunmuş əşyaları daşımaq imkanı verir”.

İyulun 3-də Dağıstan müftisi çadranın taxılmasına müvəqqəti qadağa qoyulduğunu elan edib. Daha sonra analoji məhdudiyyət Qaraçay-Çərkəz Müftisi tərəfindən də təsdiqlənib.