Səddam Hüseynin dostuna çevrilmiş amerikalı əsgərin kədərli hekayəsi

09:45 05.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İraqın keçmiş lideri Səddam Hüseynin 2003-cü ilin dekabrında ABŞ qüvvələri tərəfindən tutulmasından təxminən 20 il sonra onun həbsxanasındakı mühafizəçilərdən biri “Sky News” a aralarında gözlənilməz dostluğun yaranmasına dair hekayəsini danışıb.

Hafta.az-ın "Sky News"a istinadən yazdığına görə, 2006-cı ilin avqustunda Səddam Hüseyn Bağdadda İraq Ali Məhkəməsi binasının altındakı kamerada yatarkən Amerika əsgəri Adam Rocerson onun bir neçə metrliyində olub. Hansı ki, o vaxtadək "Sky News"un təbirincə desək, ABŞ əsgəri bir dəfə də olsun, “planetin ən pis adamlarından biri hesab edilən İraq diktatorunu” görməmişdi.

ABŞ 2003-cü ilin martında İraqı işğal edib. Səbəb isə guya “Səddam Hüseynin terrora dəstəyini” dayandırmaq olub.

İraq lideri 1979-cu ildən idarə etdiyi ölkəyə hava hücumları yağarkən qaçıb. Aylar sonra Amerika əsgərləri onu İraqın mərkəzindəki Əl-Durda, yalnız bir nəfərin sığacağı kiçik bir çuxurda gizləndiyi yerdə tapıblar.

Səddam Hüseynə qarşı müharibə cinayətləri, soyqırım və bəşəriyyətə qarşı cinayətlər də daxil olmaqla bir çox ittihamlar irəli sürülüb.

Səddam Hüseyn İraq Ali Məhkəməsi binasının altındakı kamerada saxlanılmazdan əvvəl keçmiş saraylarından biri onun həbsxanası idi və Rocerson ona nəzarət etmək üçün təyin olunmuş 12 Amerika əsgəri arasındaydı.

Səddam Hüseynin kütləvi qətllər, işgəncələr və amansız repressiyalar üzrə reputasiyasına görə, gənc əsgər “Bağdad qəssabı” adlandırılan şəxslə çox vaxt keçirəcəyini anlayanda məyus olub. Telekanalın məlumatına görə, sonrakı aylarda aralarında qeyri-mümkün dostluq yaranıb və 2006-cı ilin dekabrında Səddam Hüseyn edam olunanda Rocerson göz yaşlarına boğulub.

“Sky News Daily”nin məlumatına görə, Rocerson, "Mənə Səddam Hüseynin həyatında əsas cavabdeh olduğumu söylədilər. Onun kim olduğunu bildiyim üçün bu, mənim üçün çox qorxulu idi. Əvvəl hava qaranlıq idi və onun yatdığını hiss edirdim, amma görə bilmirdim. Bir az sonra ayağa qalxıb mənə baxdı və mən də ona baxdım. Bu münasibətimizin başlanğıcı idi - çox sürreal idi”, - deyib.

“Sky News” Səddam Hüseynlə Amerika əsgərləri arasında dostluğun yaranması hekayəsini belə davam etdirir: “O zaman “Super 12” kimi tanınan Rocerson və digər mühafizəçilərə həftənin 7 günü 24 saat Səddam Hüseyni izləmək tapşırılmışdı. Əsgərlərə bu adamla, bəlkə də dünyanın ən bədnam məhbusu ilə məşğul olmamağı əmr etdilər, lakin çox keçmədi ki, onlar bu qaydanı pozdular”.

Rocerson, "Səddamın bizi manipulyasiya etməyə çalışdığı, yoxsa bizim həqiqi dostumuz olduğu aydın deyildi. Amma kiminləsə yaşayırsansa, onunla ünsiyyət qurursan” deyib.

Səddam Hüseyn Kaya adlı köhnə saraylarından birində həbs edilmişdi. Mühafizəçilər onu mütəmadi olaraq mühakimələri üçün İraq Ali Məhkəməsinə aparmalı olublar.

"Biz minaatanları, atışmalarını və bütün müharibə səslərini eşidirdik. Səddam bizə baxıb gülürdü. O, heç bir narahatlıq əlaməti göstərmirdi", - keçmiş əsgər deyib.

Rocerson heç vaxt Səddam Hüseynin "obsesif diktator" olduğuna şübhə etmirdi. Lakin o, onunla tanış olduqdan sonra tiranın da əsl yumor hissinə sahib ola biləcəyini anladığını söyləyib.

Rocersona görə, kütləvi qətllərin diktatorunun yumşaq tərəfi də vardı və bu, həftələr ərzində aralarında dostluq yaratmağa kömək edib. Rocerson deyir: "Biz bir-birimizə hekayələr danışırdıq. Biz onu ailəsi ilə görüşə aparırdıq, salfetlər, şirniyyatlar gətirirdilər. Bizə şirniyyat təklif edirdi, biz də ona ailəmizdən aldığımız şeyləri təklif etməyə başladıq” deyib.

Missiya zamanı Rocerson həyat yoldaşının göndərdiyi ətirli şamlardan birini Səddam Hüseynə vermək qərarına gəlib. Həbsdə olan lider kamerasında ərəbcə şeir yazıb və qızına hədiyyə göndərib.

Rogerson davam edib: “Onun pis olduğunu bilsəm də, pis olmayan tərəfini görə bilirdim. Gördüyüm tək şey 69 yaşlı kişi idi. O, mənə heç vaxt təkəbbürlü və ya diktator görünmürdü, o, adi insan idi”.

“Sky News”un məlumatına görə, Səddam Hüseyn Amerika əsgərləri ilə şahmat oynayıb və qalib gəlib. Radioda Qərb musiqilərinə də qulaq asarmış.

O, bir axşam zalda oturub siqar çəkərkən Rocersonu çağırıb. Rocerson, “Onun Fidel Kastro ilə əyləndiyini əks etdirən şəkilli kitabı vardı və onu mənə göstərdi. Bu mənim üçün inanılmaz idi. Dedi ki, ona siqar çəkməyi Kastro öyrədib” deyib.

Rocerson deyib ki, o, Səddam Hüseynə heyran olsa da, həmişə "böyük manipulyator" olduğu fikrini saxlayıb.

Hüseynin Rocerson və "Super 12"nin digər hissəsinə əsl sevgisi olub-olmadığı heç vaxt bilinməyəcək. Ancaq aydındır ki, əsgərlər onların düşməni olması lazım olan adamla dərin əlaqə qurublar.

2006-cı ilin noyabrında Səddam Hüseynin məhkəməsi başa çatıb və o, asılaraq edam cəzasına məhkum edilib.

Telekanalın məlumatına görə, bir çox iraqlı "keçmiş diktatorunun vəhşicəsinə ölümünü" qeyd edərkən, göz yaşı tökən “Super 12” əsgərlərindən biri də Rocerson olub.

Səddam Hüseynin edam edildiyi tarixi gündən danışan Rocerson, "Çox təsirli idi. Biz onun saçlarını daramasına baxdıq. O, həmin gün nə olacağını bilirdi və bunu görmək kədərli idi. O, kədərli və narazı görünürdü. Biz də hamılıqla narazı idik. Mən onu tanıdım, bütün vaxtımı onunla keçirdim, amma o, ölmək üzrə idi” deyib.

Rocerson daha sonra yazıçı Uill Bardenverberə Səddam Hüseynin edam edilməsinin “ailə üzvünü itirmək kimi” olduğunu deyib: “Özümü qatil kimi hiss edirəm, sanki yaxın olduğum adamı öldürmüşəm”.

“Sky News”un məlumatına görə, hazırda Rocerson hərbi xidmətdən ayrılaraq Amerika futbolunu çalışdırdığı Ohayoda yaşayır.

15 yaşlı qız və 9 yaşlı oğlan atası olan Rocerson İraqdan qayıtdıqdan sonra travma sonrası stress pozğunluğundan əziyyət çəkib və bunun Səddam Hüseyni qorumaq, onun edamına şahidlik etmək təcrübəsindən qaynaqlandığını deyir.