Səhər və axşam yeməyinin vaxtı infarkt riskini müəyyənləşdirir

10:32 19.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Alimlər müəyyən ediblər ki, səhər və axşam yeməyini daha tez yemək ürək-damar xəstəlikləri riskini azaldır.

Hafta.az-ın “Nature Communications” elmi jurnalına istinadən yazdığına görə, aparılan araşdırmada səhər 9-dan sonra səhər yeməyi və axşam 9-dan sonra yeyilən şam yeməyinin ürək-damar sağlamlığına mənfi təsir etdiyi müəyyənləşib.

Araşdırmada, çoxu qadın olan 103 min yetkinin yemək vərdişləri ilə bağlı 7 il ərzində toplanan məlumatlar araşdırılıb.

Səhər yeməyi və şam yeməyi zamanı müəyyən edilmiş vaxtdan artıq keçən hər saatda ürək-damar və beyin-damar xəstəlikləri riskinin 6 faiz artdığı müşahidə edilib. Bildirilib ki, axşam yeməyini saat 21.00-dan sonra yeyənlər, 20.00-dan əvvəl yeyənlərlə müqayisədə serebrovaskulyar xəstəlikdən 28 faiz daha çox əziyyət çəkirlər.

Fransanın Sorbonne Paris Nord Universitetindən Bernard Srour, yemək vaxtlarının qan təzyiqini, maddələr mübadiləsini və hormon ifrazını tənzimləmək kimi funksiyalardan məsul olan bioloji ritmlərə təsir etdiyinə diqqət çəkib.

Alim yuxu hormonu melatoninin ən çox axşam saatlarında ifraz olunduğunu, ona görə də axşam yeməyini gec yeməyin orqanizmin həzmini çətinləşdirdiyini bildirib.

ABŞ-ın Case Western Reserve Universitetindən Bhupendar Tayal bildirib ki, səhər yeməyini gecikdirmək insulin balansını poza və gələcəkdə ürək problemlərinə səbəb ola bilər. Tədqiqatçı xüsusilə səhər yeməyindən imtinanın piylənmə riski yaratdığını da bildirib.

Gecədən gec yemək yeyənlərin erkən yemək yeyənlərə nisbətən daha çox zərərli vərdişlər inkişaf etdirə biləcəyinə də diqqət çəkilib. Həmin şəxslərin daha çox siqaret və spirtli içki qəbul etdikləri, daha gec yatdıqları və bunların ürək-damar və beyin-damar sağlamlığına mənfi təsir göstərdiyi bildirilib.