Vətən müharibəsi zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Həmidov Elşən Məzahir oğlunun xatirəsi yad olunub.
Şəhid Elşən Həmidovun anım günündə ailəsi ilə bərabər, Füzuli rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, məktəb kollektivi, ictimaiyyət nümayəndələri, Vətən müharibəsi qaziləri iştirak ediblər. Ziyarətə gələnlər onun məzarına gül çiçək dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.
Vurğulanıb ki, 28 avqust 1979-cu ildə dünyaya göz açan Elşənin 42-ci doğum günü ilk dəfə onsuz qeyd edilsə də, onun qəhrəmanlıq dastanı hər zaman xatırlanacaq. Vurğulanıb ki, Elşən və digər şəhidlərimiz öz canlarını fəda etməklə Vətən həsrətinə son qoydular, eyni zamanda qəlbləri fəth edərək əbədiyaşar qəhrəmanlara çevrildilər.
Elşənin şərəfli ömür yolundan söhbət açanlar qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı hələ yeniyetmə olan Elşən mənfur ermənilər tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilən vəhşilikləri anlayaraq hər zaman düşmənə nifrət hissi ilə yaşayıb. Gələcəkdə hərbçi olmaq arzusunda olan Elşən həqiqi hərbi xidməti zamanı da nizam intizamı və Vətənə sadiqliyi ilə seçilib. Hərbi xidməti bitirdikdən sonra bir müddət Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) çalışıb. Daha sonra öz istəyi ilə Vətən keşiyində dayanmaq üçün müddətdən artıq hərbçi kimi fəaliyyətini davam etdirib. 2020-ci il sentyabr ayının 27-dən o, ordu sıralarında yer alıb. Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını daşıyan hərbi təyinatlı avtomobillərin sürücüsü olub. Döyüşlərdə göstərdiyi şücaəti həmçinin yaralı və şəhid olan hərbçilərin təxliyyəsində Elşən Həmidov fəallığı ilə seçilib. Bur tapşırıqların yerinə yetirilməsində Elşən qəhrəmanlıq və igidlik göstərib. Noyabrın ayının 8-də Xocavənd rayonu ərazisində Elşən şəhidlik zirvəsinə ucalıb. O, öz doğma yurdu olan Füzuli rayonunun Əhmədalılar kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elşən Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qeyd edək ki, şəhidin üç övladı yadigar qalıb.