Seldən keçən cütlük su basmış kilsədə evləndi

12:45 03.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Filippində bir cütlük evləndikləri kilsəni su bassa da, toy mərasimlərini davam etdiriblər.

Hafta.az-ın “Straits Times”a istinadən yazdığına görə, Paulo Padilla və Diane Viktoriano ölkəni vuran Doxuri tayfununa baxmayaraq bazar günü toy mərasimlərini ləğv etməyə icazə verməyiblər. Cütlük sel bassa da, paytaxt Manilanın təxminən 45 kilometr şərqində yerləşən Malolos şəhərindəki Barasoain kilsəsində toy mərasimini keçirib.

Padilla Filippinin yerli kanallarından biri olan GMA-ya deyib: “Avtomobilimiz su altında qalsa belə, kilsəyə gedib mərasimi keçirə bilmək üçün şərtləri maksimum dərəcədə artırdıq”.

Viktoriano isə 19-cu əsrdənqalma kilsəyə çatmaq üçün mübarizə apardıqlarını ifadə edərək, "Bura çatmaq üçün böyük bir seldən keçdik. Həqiqətən qeyri-mümkün bir şey yoxdur. Allah o gün ərzində imkansız olan hər şeyi mümkün etdi" deyib.

Mərasimin görüntülərini Padillanın əmisi oğlu Maria Jasmin Halili Facebook hesabında "Aşiq olan iki insanı ayıracaq fırtına və ya sel yoxdur. Burada toy davam edir" mesajı ilə paylaşıb.

Filippin rəsmiləri ölkəyə təsir edən Doksuri tayfunun səbəb olduğu torpaq sürüşmələri, sel və daşqınlar nəticəsində ən azı 26 nəfərin həyatını itirdiyini bildirib.

Ölkənin 13 bölgəsində təxminən 2,4 milyon insana təsir edən qasırğa səbəbindən 50 mindən çox insan təhlükəsiz yerlərə təxliyə edilib, ən azı 20 nəfər itkin düşüb.

Bildirilib ki, Cənubi Asiyada yağan musson yağışları və Doksuri tayfunu artıq Filippində kənd təsərrüfatı və balıqçılıq sektoruna 35,4 milyon dollar, infrastruktura isə 64 milyon dollara yaxın ziyan vurub.