Separatçıların yuxusunu qaçıran olay

19:45 01.09.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, bir neçə gün əvvəl Laçın yolundakı sərhəd buraxılış məntəqəsində üç erməni saxlanılıb.

Baş Prokurorluğun məlum olayla bağlı bəyanatında bildirilir ki, erməni futbolçularının Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələri faktı ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

"Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Ermənistan Respublikasının vətəndaşları - 2001-ci il təvəllüdlü Alen Sarqsyan, 2003-cü il təvəllüdlü Vahe Hovsepyan və Levon Qriqoryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin olduqları yer istintaqa məlum olmadığına görə barələrində beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Keçirilmiş axtarış tədbirləri nəticəsində avqustun 28-də qeyd olunan şəxslər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Müdafiə hüquqları təmin edilməklə istintaqa cəlb edilən şəxslər dindirmə zamanı törətdikləri əməli etiraf edərək səmimi peşman olduqlarını, gələcəkdə bir daha bu kimi hərəkətlərə yol verməyəcəklərini bildirib.

Təqsirləndirilən şəxslərin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınıb və cinayət prosessual qanunvericiliyin tələblərinə əməl olunmaqla humanizm prinsipi tətbiq edilərək onların barəsində cinayət təqibinə xitam verilib.

Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar edən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edildiyi halda, hərəkətlərini video qeydiyyata alıb bügünədək “Youtube” və müxtəlif sosial şəbəkə vasitələrində yaydıqlarına görə, Baş Prokurorluğun müvafiq qərarı əsasında İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi)- maddəsi ilə inzibati icraat başlanıb, qeyd olunan şəxslərin barəsində məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati həbs tətbiq olunub.

İnzibati həbs cəzasının icrasından sonra qeyd olunan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması təmin olunacaq", - deyə Baş Prokurorluqdan bildirilib.

“Bu fakt Azərbaycan Dövlətinə qarşı cinayət törədən hər bir kəsin mütləq şəkildə cəzasız qalmayacağını bir daha bəyan edir”.

Bunu hafta.az-a deputat Arzu Nağıyev bildirib.

Deputat sərhəddə saxlanılan məlum ermənilərin törətdiyi cinayətlə bağlı müəyyən məqamlara diqqət çəkib: “Üç Ermənistan vətəndaşı -futbolçusu 2021-ci ildə Azərbaycan Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər edərək, əməllərini videoya çəkib paylaşıblar. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 283.2.3 - milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə və 324-cü - Azərbaycan Respublikasının Dövlət Bayrağı və ya Azərbaycan Dövlət Gerbi barədə təhqiredici hərəkətlər maddəsi ilə cinayət işi açılıb və həmin şəxslər axtarışa verilib. Məlum olub ki, bu ermənilər İrəvanda ali təhsil alan tələbələrdir. Həmin şəxslər Laçın sərhəd-nəzarət buraxılış məntəqəsdindən Ermənistana keçərkən sərhədçilərimiz tərəfindən saxlanılıblar.

Azərbaycan hüquq-mühafizə orqanları bu şəxslərin gənc olduğunu, özlərinin peşmançılığını nəzərə alaraq, barələrində qaldırılan cinayət işinin araşdırılmasını dayandırıb və cəza tədbiləri yüngüllşdirilib”.

Deputat qeyd edib ki, hüquq-mühafizə orqanları humanist adım ataraq saxlanılan şəxslərə 10 günlük inzibati cəza tətbiq edib. Bu üç erməni balası cəzalarını çəkəndən sonra Azərbaycandan deportasiya olunacaqlar.

 A.Nağıyev bir daha bəyan edib ki, Azərbaycan Konstitusiyasına, qanunlarına zidd hərəkət edən, Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat  törədənlər, etnik qrupundan, milli mənsubiyyətindən  asılı olmayaraq birmənalı şəkildə aşkar olunaraq cəzalandırılacaqlar. Bu Azərbaycanda separatizmi dəstəkləyən hər bir kəsə aiddir: “Bu fakt bir daha göstərir ki, Azərbaycan beynəlxalq qanunları pozmadan, heç bir hüquq pozuntusu etmədən qanunlarına uyğun olaraq daxili, xarici siyasətini qurur və bu belə də davam edəcəkdir”.

Deputat Qarabağ ərazisində üç kateqoriyadan olan etnik ermənilərin yaşadığını qeyd edib. Bunlardan biri Azərbaycan Bayrağı, konstitusiyasına uyğun yaşamaq istəyənlər, işğal dövründə müxtəlif ərazilərdən  köçüb gələnlər, və özlərinə müxtəlif vəzifələr təyin edərək, separatçı  ideyaları yayan qondarma qurumun üzvləridir.  

Deputat bildirib ki, Azərbaycana qarşı cinayət törədən şəxslər bu və ya digər şəkildə - istər humanitar yüklərin içində gizlənərək, istərsə də qaçaq yolla ərazidən qaçmağa çalışırlar. Çünki sonlarının əvvəl-axır gələcəyini bilirlər.

“Biz bunu I Qarabağ müharibəsində qətliamlar törədən Xaçatryanın Qırmızı Xaç Komitəsinin vasitəsilə sərhədi keçməyə cəhd edərkən yaxalanması və digər faktlarda müşahidə etdik. Ona görə də cinayət törətmiş ermənilər ya özlərini istintaqa təhvil verməlidirlər, ya da Azərbaycan qanunları qarşısında cavab verməli olacaqlarını anlamalıdırlar. Onlar öz günahlarını etiraf etməli və təslim olmalıdırlar”.

 A.Nağıyev törətdiyi cinayətə görə sərhəddə yaxalanan erməniəsilli şəxslərin, sanki günahları yoxmuş kimi erməni mediasında, Ombudsman və yaxud beynəlxalaq təşkilatlar tərəfindən müxtəlif bəhanələrlə müdafiə olunmaları və bu fonda Azərbaycana qarşı qarayaxma, yalan iddiaların yer almasını təəssüflə qeyd edib.

“Ermənistan və havadarları dezinformasiyalarla dünya ictimaiyyətini aldatmağa çalışırlar. Sülh müqaviləsi bağlandıqdan sonra hər bir məsələ öz yerini alacaq. Əgər sərhədi keçən erməni, terrorda, soyqırımında, separatçı qrup daxilində Azərbaycana qarşı törədilən cinayətlərdə iştirak etməyibsə onlara qarşı humanist addım atıla, cəzası yüngülləşdirilə bilər. Terrorçular, qətliam törədənlər öz layiqli cəzasını alacaqlar”.