Moskvanın ən böyük beynəlxalq hava limanı Şeremetyevo düşmənin pilotsuz təyyarələrini havada aşkarlayıb məhv etmək üçün müdafiə sistemi ilə təchiz edilib.
Hafta.az-ın yazdığına görə, Aeroport rəhbərliyi bildirib ki, uçuş təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi üçün hava limanında “ENOT-SD” radar-optik kompleksi quraşdırılıb. Aparat-proqram kompleksi alçaqdan uçan hədəflərin, o cümlədən kiçik sinif pilotsuz uçan aparatların avtomatik aşkarlanması üçün nəzərdə tutulub. Sistem video görüntülərdən istifadə edərək bu cür nəqliyyat vasitələrinin yoxlanılmasını və sonra müxtəlif dalğa uzunluqlarında müdaxilə yaradaraq əks tədbirlərin görülməsini nəzərdə tutur.
Hədəflərin daha yaxşı aşkarlanması və sistemin səmərəliliyinin artırılması üçün süni intellektdən istifadə etməklə “Kaspersky Lab” şirkətinin unikal proqram təminatından yararlanmaq planlaşdırılır.
Həmçinin qeyd edilib ki, PUA-ların aşkarlanması radarından gələn dalğalar Şeremetyevo aeroportu ərazisində yerləşən uçuşlara dəstək və aviasiya telekommunikasiyaları üçün yerüstü radiotexnika vasitələrinin işinə və mövcud aviasiya sisteminə arzuolunmaz müdaxilə effekti yaratmayacaq.
Yeni hazırlanmış “ENOT-SD” Radar-Optik Kompleksi süni intellekt texnologiyalarından istifadə etməklə uçan obyektləri quşlara, PUA-lara, təyyarələrə, həmçinin insanlara, avtomobillərə, dronlara təsnif edə bilir. Bu xüsusiyyət, hava gəmilərinə təsir istisna olmaqla, yalnız PUA-larda söndürmə vasitələrinin istifadəsinə imkan verir. Bundan əlavə, bu sistem səssiz rejimdə uçan İHA-ları aşkarlamağa qadirdir və təhlükə modelinin bütün spektrini əhatə etməyə imkan verir.
Sistem həmçinin yer hədəflərini izləmək, insanlar və vəhşi heyvanlar tərəfindən hava limanının perimetrinin pozulması hallarını aşkar etmək qabiliyyətinə malikdir.