Azərbaycan növbəti dəfə Ermənistanı ikitərəfli sülh danışıqlarına dəvət edib. Hətta bunun üçün konkret məkan da göstərilib. Xarici İşlər Nazirliyinin son bəyanatında bildirilir ki, Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verməsinin təqribən 2 ay yarım müddət çəkməsi prosesi ciddi şəkildə yubadıb: "Sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir. Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir. Qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkə məsuliyyət daşıyır. Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik».
Bu son günlərdə Qərbin – ABŞ və Fransanın sülh danışıqlarına əngəl yaratmaq cəhdləri qarşısında Bakının növbəti uğurlu diplomatik gedişi də sayıla bilər.
Prezident İlham Əliyev də həftənin əvvəlində iraqlı həmkarı ilə birgə mətbuat konfransında bildirib ki, Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır: «Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdırlar. Bunların müstəmləkə siyasəti əsasən dünyanın müxtəlif yerlərində müsəlman əhalisinə qarşı yönəlmişdir.
Hesab edirəm ki, qeydlərimiz ilə bağlı Ermənistandan nə qədər tez cavab alsaq bir o qədər də yaxşı olar. Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq».
Göründüyü kimi, Azərbaycan heç bir vasitəçiyə ehtiyacının olmadığını açıq şəkildə bəyan edir. Çünki, mövqeyi və irəli sürdüyü sülh şərtləri tam ədalətli və beynəlxalq hüququn ən ali prinsiplərinə uyğundur. İkitərəfli danışıqlar formatında Azərbaycanın arqumentləri və haqlı tələbləri qarşısında aciz duruma düşəcək olan isə, Ermənistandır. Daha doğrusu, hakimiyyətini İrəvandakı revanşist qüvvələrin təzyiqi ilə itirmək qorxusunu hər an yaşayan Paşinyan hökuməti.
Rəsmi Bakının mövqeyi bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən də açıq şəkildə ortaya qoyulub. Onun sözlərinə görə, Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün heç bir maneə görmür. Azərbaycanın tam suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini xatırladan Prezidentin köməkçisi bildirib: “Ermənistanın bütün qanunsuz hərbi birləşmələri ölkəmizin ərazisindən çıxarılıb və tərəfimizdən iki ölkə arasında münasibətlərin normallaşması üçün heç bir maneə görmürük. Bunun baş tutması üçün Ermənistan tərəfi anlamalıdır ki, bu sülhün kökləri Vaşinqtonda, Parisdə və Brüsseldə deyil, barış buradadır. Bunun da irəliyə aparılması və bu istiqamətdə ciddi nailiyyətlərin əldə edilməsi üçün Ermənistan bu bölgəyə baxmalı, Azərbaycanla bu istiqamətdə danışıqları davam etdirməlidir. Bizim üçün müharibə başa çatıb, regionda yeni reallıq yaranıb. Bu reallıq ədalətə, beynəlxalq hüquqa əsaslanır”.
Göründüyü kimi, Azərbaycan bütün kartlarını açıq oynayır. İrəvanın ehtiyat etdiyi və təhlükəsizlik zəmanətini bəhanə gətirərək qatılmadığı Moskvanın vasitəçiliyi ilə reallaşan görüşlərdən imtinanın əvəzndə iki ölkənin sərhəddində bir araya gəlməyi təklif edir. Burada nə ABŞ, Fransa olacaq, nə də Rusiya. Sadəcə ii ölkənin suveren ərazilərinin kəsişdiyi bölgədə elə iki tərəf olacaq müzakirə masasında – Azərbaycan və Ermənistan. Diplomatik təcrübə də göstərir ki, birbaşa danışıqlar və ya regional səviyyədə aparılan müzakirələrdə əldə edilən nəticələrin uzunömürlülüyü və etibarlığı hansısa uzaq siyasi mərkəzlərin vasitəçiliyi və diqtəsi ilə aparılan müzakirələrdən daha effektlidir.
Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Ermənistanın danışıqların aparılmasında Qərbin moderatorluğunda təkid etməsinə öz münasibətini açıqlayıb.
«Qafqazda yeni oyunların arxasından gedənləri görürük. Bəzi qərb qüvvələri Qarabağ müharibəsi ilə bölgədə artıq yeni bir dövrün başladığını hələ də dərk edə bilmir. İllərlə Ermənistanı təxribata çəkərək bu coğrafiyada yaşayan bütün insanların əziyyətləri, çətinlikləri və qarşıdurmaları üzərindən özlərinə xeyir güdənlər əslində ən böyük zərəri ermənilərə verdilər. Həyata keçirilməsi mümkün olmayan xam xəyalları ortaya ataraq erməniləri istismar və istifadə edərək, etibarsızlığa məhkum etdilər. Bu həqiqətləri artıq Ermənistanın da görməsi və qəbul etməsi zəruridir», - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin hökumət toplantısından sonra bildirib. Ərdoğan deyib: “Erməni xalqı və rəhbərləri təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülhdə və əməkdaşlıqda axtarmaları daha doğru olacaq. Qərb ölkələri tərəfindən göndərilən heç bir silah-sursat qalıcı sülh mühitinin gətirəcəyi dincliyin yerini tuta bilməz. Ermənilərin 30 il sonra ortaya çıxan sülh fürsətini yenə fərqli xəyallar quraraq boş yerə istifadə etməmələri ən böyük arzumuzdur. Buradan bir daha Ermənistana Azərbaycanlı qardaşlarımızın uzatdığı sülh əlini tutmağa çağırırıq. Türkiyə olaraq bizim də Azərbaycanla əməkdaşlıq içində prosesin uğuru üçün lazımi addımları atmağa hazır olduğumuzu bir daha ifadə edirəm”.
Maraqlı məqamd odur ki, bölgədə ErmƏnistanın inkişafının Azərbaycan və Türkiyə ilə qarşılıqlı münasibətlərin normallaşdırılmasından keçdiyini elə geosiyasi maraqları üstün tutaraq hələlik sülhə əngəl yaratmaq istəyən mərkəzlərin özləri də etiraf edir. Hətta İrəvanı ikitərəfli danışıqlara qatılmaq üçün çağırışlar da edilir.
«ABŞ Azərbaycan ilə Ermənistan arasında danışıqlara köməklik göstərməyə hazırdır», Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə deyib.
"Biz hər iki ölkənin rəhbərliyi ilə əlaqələri davam etdiririk və layiqli və davamlı sülhün bərqərar olmasına töhfə verməyə hazır olduğumuzu bildiririk. Ermənistan və Azərbaycanın birbaşa olaraq regionun xeyrinə problemləri müzakirə etməsi və həll etməsi vacibdir. Biz bu danışıqlara köməklik göstərməyə hazırıq. Biz digər ölkələrin bu danışıqların aparılmasında öz rolunu təklif etdiyini görmüşük. Biz hər iki ölkənin davamlı razılaşma əldə etmək üçün birbaşa danışıqlar aparmasını vacib hesab edirik. Biz əvvəlki kimi bu danışıqlara köməklik göstərməyə hazırıq və digər ölkələrin belə səylərini alqışlayırıq", - deyə o bildirib.
Avropa İttifaqı (Aİ) üçün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması əsas maraq kəsb edir. Bu barədə isə, erməni KİV-ə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.
"Bizim üçün əsas prioritet Ermənistanla Azərbaycan arasında razılaşmanın əldə olunmasıdır. Hər şeydən önəmlisi, bu ölkələr arasında münasibətlərin həqiqətən nizamlanmasıdır. Nəticədə, sazişin harada imzalanması ikinci dərəcəli əhəmiyyət daşıyır", - deyə o qeyd edib. Klaar Aİ-nin hazırda tənzimlənmə prosesində irəliləyişə mane olan real səbəblər görmədiyini vurğulayıb.
Bu bəyanatlardan da göründüyü kimi, İrəvanın Bakının sülh dəvətinə boyun əyməkdən başqa çıxış yolu yoxdur. Son məlumatlara görə, Ermənistan Azərbaycan XİN-in sərhəddə görüş çağıırışa reaksiya verib.
İrəvan Bakı ilə danışıqlarda iştirak etməyə hazırdır.Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyindən Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatına cavab olaraq bildirilib. Bəyanatda qeyd olunub ki, Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşması, həmçinin, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün səylər göstərməkdə siyasi iradəsini təsdiqləyir.
Bu razılığın sözdə, yoxsa əməldə olduğunu isə yaxın vaxtlarda müşahidə edəcəyik.
Ləman Əliyeva